“Neftçi” futbol klubu son illərdə qazandığı uğurlar nəticəsində Avropa Klublar Assosiasiyasının (ECA) həqiqi üzvünə çevrilməyi bacarıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveçrənin Cenevrə şəhərində keçirilmiş tədbirdə “Neftçi” PFK-nı klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Gündüz Abbaszadə təmsil edib.
Assosiasiyanın iclasında qitənin bəzi klubları mükafatlara layiq görülüb. Almaniyanın “Bavariya” klubu ilin ən yaxşı futbol klubu seçilib. Ən yaxşı inkişafa görə təsis edilmiş mükafat “Borussia” Dortmund klubu nümayəndələrinə təqdim edilib. Belçika təmsilçisi “Genk” ən yaxşı sosial layihə, İtaliyanın “Yuventus” klubu isə ən yaxşı infrastruktur icraçısı mükafatlarına sahib olub.
