Premyer Liqanın XXXI turundan sonra 2012/13 mövsümünün mükafatçılarının tam siyahısı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “Neftçi” qızıl, “Qarabağ” gümüş, “İnter” bürünc medalları təmin edib. Ardıcıl 3-cü dəfə ilk “üçlük”də yer alan “Neftçi” əvvəlki 2 ildə olduğu kimi çempion titulunu qazanıb. Bakılılar buna ardıcıl 3 dəfə nail olan ilk komandadı.
“İnter” isə ardıcıl 2-ci dəfə qazandığı medalın əyarını ötənilki kimi bürüncdə saxlayıb. Paytaxt təmsilçisi “Turan”, “Neftçi” və “Qarabağ” kimi ardıcıl 2 mövsüm bürünc qazanan 4-cü komandadı. “Qarabağ” isə 1 illik fasilədən sonra mükafatçılar arasına qayıdıb.
Ümumilikdə isə “Neftçi” 20 çempionatda 15-ci mükafatını qazanıb. Medal sayında 2-ci pillənin vahid sahibinə çevrilən “Qarabağ”ın 7, “İnter”in isə 5 mükafatı var. Lakin medalların əyarına görə ağdamlılar yalnız 6-cıdı.
“Neftçi” həm qızıl (8), həm də bürünc medalların (5) sayında da hamıdan öndədi. 3-cü gümüşünü qazanan “Qarabağ” “Xəzər Lənkəran”a məxsus olan ikincilik rekordunu təkrarlayıb.