"Hyuston Rokets"in müdafiəçisi Ceyms Harden dünən baş tutan "Boston Seltiks"lə matç haqda danışıb. Oyun boyu üstün olan texaslılar matçda yalnız bir dəfə hesabda geri düşdülər və bu da onların məğlubiyyətinə səbəb oldu.
26 xallıq üstünlüyü qoruya bilməyən "Hyuston"un ulduz basketbolçusu matç sonu "Boston"un müdafiəçisi Markus Smartla yaşanan gərginliyi şərh edib. Onun fikrincə, ilk olaraq qaydanı Smart pozurdu:
"Birincisi, mənə maraqlıdır ki, milli televiziyada yayımlanan peşəkar liqanın oyunlarını niyə cəmi iki hakim idarə edir? Bu birinci sual. Bundan başqa xeyli qayda pozuntuları, əllə tutub saxlamalar oldu. Mən necə sərbəst qalıb top qəbul edə bilərdim? O adam (Smartı nəzərdə tutur) məni açıq aşkar saxlayırdı. Hakimlər isə nədənsə, bunu görmürdü. Bundan başqa da, görünməyən xeyli qayda pozuntusu var idi. Belə liqanı cəmi iki hakim darə etməməlidir"
Xatırladaq ki, üçüncü hakimin zədələnməsinə görə matçı iki hakim idarə edirdi.
Oyun "Boston"un 99:98 hesablı qələbəsi ilə yekunlaşıb.
