“Öncə qeyd edim ki, bizi çətin oyun gözləyir. Gəncəlilərlə hər 2 oyunumuz oduqca çətin alınıb. Bu dəfə bizdən xal almağa çalışacaqlar. Amma biz də meydana ancaq 3 xal üçün çıxacağıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov klubun rəsmi saytına açıqlamasında deyib.
Ağdam klubunun futbolçusu “Kəpəz”lə budəfəki oyuna daha ciddi yanaşmalı olduqlarını bildirib: “Son zamanlar yaxşı forma yığmağa başlamışıq. Bu oyunda qələbə qazanıb liderlər qrupunda qalmağı planlaşdırırıq. Amma bunun üçün maksimum güc sərf etməli olacağıq. Çalışacağıq ki, qış fasiləsinə nikbin əhval-ruhiyyədə yollanaq. Qışa kimi “Bakı” və “Xəzər Lənkəran” kimi 2 güclü rəqiblə qarşılaşacağıq. Amma buna qədər “Kəpəz”i fikirləşməliyik. Gəncə klubuyla son 2 oyunumuz bizi buna məcbur edir. Amma istənilən halda qələbə qazanmalıyıq. Məsələni əlavə vaxta aparmalı deyilik (gülür)”.
Qeyd edək ki, “Qarabağ” – “Kəpəz” oyunu saat 16:00-da keçiriləcək.
