“Nəticədən yox, oyundan razı qaldım” – Yaşar Vahabzadə
03.12.2019 , 19:44

“Keşlə”ni kubokda növbəti mərhələyə adlamaq münasibətilə təbrik edirəm və çempionatda da uğurlar arzulayıram. Bilirdik ki, kubok matçı çətin olacaq. Çünki I Divizion komandaları ilə Premyer Liqa təmsilçiləri arasında böyük fərq var”.
Korner.az xəbər verir ki, bu fikirləri “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Keşlə”yə səfərdə 1:3 hesabıyla uduzaraq mübarizəni dayandırdıqları matçdan sonra bildirib.
59 yaşlı mütəxəssis bu mövsümdən baş məşqçisi olduğu Gəncə təmsilçisinin Premyer Liqada 2-ci pillədə gedən komandaya qarşı mübarizəsindən razı qalıb: “Futbolçular çalışdılar ki, maksimum əllərindən gələni etsinlər. Nəticədən yox, oyundan, futbolçuların qarşılaşmaya özlərini necə kökləmələrindən, motivasiya olunmarından razı qaldım”.
“Kəpəz” cari çempionata yaxşı başlayaraq startda 4 matçda qələbəyə həsrət qaldı. Ancaq sonradan komanda özünə gəldi. Vahabzadə qarşılarına qoyulan məqsəddən danışıb: “Çempionata heç-heçələrlə başladıq. Bilirsiniz, mövsümə hazırlığa gec başlamışdıq, komandada seleksiya işləri aparılmamışdı. Buna görə də müəyyən vaxt lazım idi. Bir müddət keçdikcə komanda formalaşdı, qələbələr gəldi. Düzdür, məğlubiyyətlərimiz də var. Hələ ki qarşımıza böyük məqsəd qoyulmayıb ki, çempion olaq və ya hər hansı yer tutaq. Sadəcə, çalışırıq ki, futbol ənənələrinə malik bölgəmiz olan Gəncədə futbolu inkişaf etdirək. Əsas da çalışırıq ki, yerli futbolçulara şans verək”.
Maraqlıdı ki, “Kəpəz” azarkeşləri növbəti mövsümdə Premyer Liqa həyəcanını yaşaya bilərlər, yoxsa bu ehtimal hazırda azdı? Vahabzadə ona verilən bu sualın cavabını bilmədiyini söyləyib: “Hər halda, “Kəpəz”in yenidən Premyer Liqada çıxış etməsi olmalıdı. Olsa, lap yaxşı olar. Çünki Gəncə kimi şəhərə böyük futbol qayıtmalıdı”.
