Digər idman növləri

Nəriman Abbasov: “Kəməri qazandıqdan sonrakı planlar UFC ilə bağlıdır”

21.04.2019 , 22:45

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov “Fight Night Global” beynəlxalq MMA təşkilatının çempionu adı uğrunda mübarizə aparacaq. Yüngül çəki dərəcəsində çıxış edən idmançımız kəmər uğrunda döyüşdə qazaxıstanlı Kuat Xamitovla üz-üzə gələcək. Abbasov döyüşə hazırlıq barədə fikirlərini gabalafc.az-a açıqlayıb:
 
“Fight Night”ın çempionluq kəməri uğrunda döyüşə hazırlaşıram. Hazırlıq prosesi baş məşqçim Şəhriyar Abbasovun rəhbərliyi altında gerçəkləşdirirəm. Məşq prosesi yüksək səviyyədə, planlı şəkildə davam edir”.
 
Nəriman titul qazanmağın vacibliyini də vurğulayıb: “Mənim üçün çox vacib döyüşdür. Bu, həyatımın ən vacib yarışıdır. Neçə illərdir buna görə məşq edib çalışırıq. Düzdür, artıq bir dəfə – 2016-cı ildə kəmər uğrunda döyüşmüşəm. Amma onda istəyimə çata bilmədim. Bu dəfə isə qalib gəlmək lazımdır”.
 
Abbasov rəqibini analiz etdiklərini də bildirib: “Rəqibimin döyüşlərini görmüşəm, videolarını izləmişəm. Məşqçimlə onun güclü, zəif tərəflərini təhlil etmişik. Bu haqda danışmaq istəməzdim”.
 
İdmançımız gələcək planlarını da açıqlayıb: “Kəməri qazandıqdan sonrakı planlar UFC ilə bağlıdır. Özümü bu nüfuzlu yarışda da sınamaq istəyirəm. Bu ilin yanvarında Tailandda toplanışda oldum. Həmin vaxt UFC-də döyüşən idmançılarla məşq keçir, sparrinq döyüşlər edirdik. Onlar da bizim kimi idmançılardır. Hətta UFC təmsilçilərini üstələyirdim. Yarışın nüfuzlu olması o demək deyil ki, oradakı idmançılar daha güclüdürlər. Amma öncə “Fight Night”ın kəməri qazanmaq lazımdır”.

Son yazılar

Yuxarı