Bu gün Azərbaycan Birinci divizionu çərçivəsində baş tutan “Bakılı” – “Araz-Naxçıvan” matçında “Nəqşicahan” fan-klubu daha bir yeniliyə imza atıb.
Korner.az-a Naxçıvan təmsilçisindən verilən məlumata görə, futbola azarkeş marağının artırılması məqsədilə “Nəqşicahan” fan-klubu komandanın baş məşqçisi, məşqçiləri və futbolçularına top imzalatdırıb və həmin top bir azarkeşə nəsib olub.
Belə ki, oyun başlanmazdan əvvəl azarkeşlərə üzərində rəqəm yazılmış vərəqlər paylanılıb. Oyunun fasiləsi zamanı “Araz-Naxçıvan”ın futbolçuları Aleksandr Krustkeviç və Eşqin Quliyev azarkeşlərin arasına dəvət olunub. “Saşa” ləqəbli futbolçumuz paketdən 16 rəqəmini çıxarıb. Bəxt Axundzadə Mahmudun “üzünə gülüb”. Komandamızın futbolçusu Eşqin Quliyev “imzalı top”u Axundzadə Mahmuda təqdim edib.
Topun sahibi Axundazə Mahmud bu maraqlı aksiya haqqında fikirlərini bölüşüb: “Əvvəla belə aksiyaları alqışlayır və dəstəkləyirəm. Əslən lənkəranlıyam. Bildiyiniz kimi bugün Lənkəranda derbi matçı var idi. Ora gedə bilmədiyimdən istədim ki, azarkeş həvəsimi bu oyuna baxmaqla “öldürüm”. Çoxlu naxçıvanlı dostlarım olduğundan, elə onlara qoşulub bu oyuna baxmağa gəldim. Və bildiyiniz kimi bu “imzalı top” mənə qismət oldu. Düşünürəm ki, bununla da “Xəzər-Lənkəran” – “Araz-Naxçıvan” azarkeşlərinin dostluq bünövrəsi qoyulmuş oldu”.
