“İlin ilk oyunudu. İstəyirik ki, qələbə ilə başlayaq”. Bu sözləri millimizin futbolçusu Ruslan Abışov deyib.
Milli komandamız Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama matçına çıxacaq. Yığmamız Moldova millisi ilə üz-üzə gələcək.
Oyunla bağlı fikirlərini bildirən təcrübəli futbolçu qələbə qazanmaq üçün mübarizə aparacaqlarını bildirib: “Qələbə qazanmaq üçün hər şey edəcəyik. İlə qələbə ilə başlamaq istəyiriksə, sonadək yaxşı oynamalıyıq”.
– Psixoloji durumun necədi?
– Düzdü, klubla yığmanı qarışdırmaq istəməzdim. “Neftçi”nin böyükhesablı məğlubiyyəti təsadüfi nəticə idi. Sabahkı matçda ən yaxşı oyunumu sərgiləməyə çalışacağam.
– Qurban müəllim “Neftçi”nin futbolçuları ilə xüsusi söhbət edib?
– Yox, sadəcə, fiziki durumumuz barədə soruşdu. Bilirsiniz ki, ayın 27-si iki yoxlama oyunu oynamışdıq. Sırf sabahkı oyuna hazırlaşırıq.
– Moldova haqda hansı məlumatlara sahibsiniz?
– Rəqibi analiz etmişik. İnanıram ki, yaxşı çıxış edəcəyik.
– Sənin hansı mövqedə oynamağın ən çox müzakirə edilən mövzulardan biridi. Maraqlıdı, harda oynamaq sənə rahatdı?
– Əlbəttə, öz mövqeyimdə oynayacam. Futbolda mərkəz müdafiəçisi kimi oynamaq istəmişəm. Bəzən məşqçilər mövqe dəyişikliklərinə üstünlük verirlər. Sabah isə mərkəz müdafiəçisi kimi oynamaq istəyirəm.
– “İnter”də oynadığın zaman çox məhsuldar idin, qollar vururdun. Yenidən bunu yolamaq fikrin varmı?
– Bir müddət millidə çıxış etmədim, səbəbini də hər kəs bilir. Bundan sonra millidə daim əsas heyətdə oynamaq istəyirəm. İmkan daxilində fərqlənməyə çalışacam.
– “Neftçi”də nələr baş verir?
– “Neftçi” barədə danışmaq istəmirəm. Klubdan da danışmağa icazə vermirlər.
– “Neftçi”nin indiki vəziyyəti çempionata start verməyə hazırdımı?
– Hər şeyi zaman göstərəcək.
Məmmədov İlkin, Antalya
