Sabah Azərbaycan millisi yeni futbolçuları və yeni baş məşqçisi ilə ilk yoxlama oyununu keçirəcək
Moldova yığması ilə oyundan öncə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibiElxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb:
– Yeni bir dövr başlayır. Tarixi hadisələr baş verə bilər. Sizcə hansı nəticələr gözlənilir? Biz hansıları uğurlu hesab edə bilərik?
– Təbii ki, Millətlər liqası bizlərə yeni bir qapı açır, yeni bir şans verir. Ümid edirəm ki, komandamız bu şansdan istifadə edə biləcək. Artıq püşkatma baş verib və biz rəqiblərimizi bilirik. Yaxın keçmişdə bəzi komandalarla oynamışıq. Onlara bələdik. Komandamızın hazırlaşmaq üçün 6 ayı var. Bildiyiniz kimi, sabah ilk yoldaşlıq oyunu baş tutacaq. Bu oyunda əsas məqsəd baş məşqçi və futbolçuları yoxlamaqdır. Mart ayında da yoldaşlıq oyunu təşkil ediləcək. Həmçinin mayın sonu, iyunun əvvəli də bir neçə yoldaşlıq görüşü nəzərdə tutulub.
– Kosova ilə eyni qrupa düşdüyümüz üçün yoldaşlıq görüşü ləğv edildi. Bəs onun yerinə başqa rəqib namizəd varmı?
– Püşkatmadan sonra Qurban Qurbanovla görüşdük və ikinci oyun keçirilməməsi ilə bağlı razılığa gəldik. Biz əvvəldən Kosova Futbol Federasiyası ilə razılaşmışdıq ki, eyni qrupa düşsək bu oyunu ləğv edək.
– Kosova ilə oyunla bağlı hər hansısa diplomatik bir mane varmı?
Bildiyiniz kimi, Kosova Olimpiya komitəsinin üzvü olaraq Azərbaycana səfər edib. Biz də bu addımı atmadan öncə Xarici İşlər Nazirliyi ilə məsləhətləşərək UEFA-ya bildirdik ki, Kosova gələ bilər. Bizim səfərlə bağlı problem olmayacaq. Ondan öncə XİN ilə məsləhətləşəcəyik.
– Siz Qurban Qurbanovdan öncə bir neçə məşqçi ilə işləmisiniz. Yeni təyinat düşərgədə necə abu-hava yaradıb?
– Öncədən iki nəfər əcnəbi məşqçi ilə işləmişəm. Təbii ki onları tanımırdıq. Azərbaycana gəldikdən sonra tanıdıq. Qurban Qurbanovu isə artıq 10 ildir ki tanıyıram. Öncədən futbolçu kimi azarkeşlik edirdik, sonradan isə o, məşqçilik karyerasına başlayandan sonra mən də AFFA-da fəaliyyətə başladım. Artıq bilirəm ki, sürprizlər olmayacaq. Qurban peşəkar məşqçidir. Sözünü deyən, öz peşəkarlığını sübut edən bir məşqçidir. Bizim üçün önəmli olan uzun müddətli düşünməkdir. Ona görə də Qurban Qurbanovun sayəsində U-15 və milli daxil olmaqla ümumi sistem tətbiq olunacaq. Düşünürəm ki, milliyə gələn hər futbolçu U-15 -dən başlayaraq eyni sistemdə çalışacaq və bu, milli üçün müsbət addımdır.
– Millətlər liqasındakı qrupumuza nəzər yetirdikdə, deyə bilərik ki, qrupdan çıxmaq millinin borcudur. Bəs, siz necə düşünürsüz?
– Əlbəttə,, məqsədimiz birinci yer tutmaqdır. Düşünürəm ki, bizim komandamız öz üzərində yaxşı işləsə və qarşıdakı 8 ay boyunca hər futbolçu birinciliyi məqsəd kimi qarşısına qoysa nəticə əldə edə bilərlər. Farel adaları kimi bir ölkə son oyunlarda Avropanı təəccübləndirməyə başlayıb öz nəticələrilə. Kosova isə yeni bir federasiyadır. Buna baxmayaraq, komandamız birinci yer tutmağa layiqdir.
– Qardaş ölkə olsa da, Vətəndən kənardayıq. Lakin bunla bərabər bizi darıxmağa qoymur və tez-tez baş çəkirlər. Bəs siz kimlərlə görüşmüsünüz?
– Mən 3 saat əvvəl gəlmişəm bura. Hələ heçkimlə görüşməmişəm. Lakin sabah "Sumqayıt" və "Neftçi" komandaları ilə görüş təşkil edəcəyik. Ondan sonra U-19 və millinin oyunlarına qatılacam.
– Orxan Hüseynov jurnalistlərlə futbolçuların və baş məşqçinin görüşməsinə icazə vermir. Onla danışmısınızmı bu barədə?
– Hər klubun öz qaydaları var. Yəqin onların da qaydası belədir.
– Dünya Çempionatının seçmə mərhələsində şüarımız "Niyə də yox?!" idi, bəs Millətlər liqası üçün yeni bir şüar düşünülübmü?
– Hazırda marketinq şöbəmizə tapşırmışıq, yeni bir şüar düşünürlər. "Niyə də yox?!" şüarı çox populyar oldu. Bu, sevindirici hal idi. Baxmayaraq ki, seçmə mərhələdə uğursuzluq oldu, yenə də bu şüarın populyar olması sevindirici haldır. Sizin də təklifləriniz varsa buyurub deyə bilərsiz.
– "Artıq olsun!" necə şüardır?
– Niyə də yox?! (gülür)
– Mütəxəssislər Kosovanı bizdən daha güclü hesab edir. Özünüz də qeyd etdiniz ki, Farel adaları sürpriz nəticələr əldə edir. Bəs, biz niyə sürprizlər yaşada bilmirik? Bizdə əksik olanlar nələrdir?
– Əslində, beynəlxalq mətbuatda bizi favorit hesab edirlər. Həmçinin Kosova millisinin baş məşqçisi də bizi ciddi rəqib hesab edir. Sürprizlər etmişik, məncə. Komandamız bəzi oyunlarda yaxşı nəticələr qazandı. Belə oyunlar bizə pozitiv yanaşmaq üçün imkan verir.
– Son vaxtlar futbol akademiyası məsələsi müzakirə edilir. Sistem bu cür formalaşdırılmalıdır. "Bakı", "Xəzər Lənkəran" nümunələri var ki, onların yetirmələri hələ də tanınırlar. Məsələn, "Xəzər Lənkəran"dan Elnur Cəfərov, "Qəbələ"nin yetirmələri isə müxtəlif milli komandalarda çıxış edir. AFFA bu prosesə öz tövhəsini verməyi planlaşdırırmı?
– 2008-2009-cu illərdə İcraiyyə Komitəsinin liseziyalaşdırma ilə bağlı qərarı var idi. Biz buna əsasən, klublardan akademiya yaradılmasını tələb etdik. Sizin qeyd etdiyiniz klublar, bu qərardan sonra akademiya açdılar. Binaları da, meydançaları da inşa olundu. Təəssüflər olsun ki, biz belə qərarları tez-tez unduruq. Yaxın keçmişə baxsaq görərik ki, 2008-2010-cu illərdə ən önəmli qərarlar qəbul olunmuşdu. Təməl qərarlar idi: hər klubun öz stadionu, meydançası, akademiyası, yaş qruplarına görə komandaları olmalıdır. AFFA-nın təşkil etdiyi bütün liqalarda iştirak etməlidir. 10 il müddətində bu qərarlar icra olundu. Bəzi klublar buna çox sərmayə sərf etdi və nəticə oldu. Məsələn, "Qəbələ" klubunun təmsilçiləri yığmada daha çox təmsil edilməyə başlayıb. "Neftçi"nin bazasında 3 meydança inşa olundu. Binaları da 20-ci ilədək yekunlaşmalıdı. Bu baxımdan klublar işlər görürlər. Məsələn, legionerlər limiti məsələsinə toxunsaq, İcraiyyə komitəsi qərar verdi ki, limit olmasın. Lakin sonradan cədvələ uyğun olaraq limit tətbiqi başlandı. Yəqin ki, bütün bu qərarlar "Qəbələ", "Qarabağ" kimi komandaların da avroliqalara vəsiqə qazanmasına müsbət təsir edib.
– "Neftçi"də hər şey yaxşı idi. Ardıcıl çempionluqlar və avropa liqasının qrup mərhələsinə düşdü. Növbəti dəfə "Pley off"da uduzdu. Biz jurnalistlərin fikrincə, AFFA müdaxilə edəndən sonra "Neftçi"də idarəetmə prosesi dəyişdi. O vaxtdan etibarən "Neftçi" düzəlmir. Necə düşünürsüz, sizcə, AFFA-nın müdaxiləsi səhv idi, yoxsa doğru idi?
– Onu deyə bilərəm ki, AFFA-nın müdaxiləsi olmayıb. "Neftçi" klubu ayrıca hüquqi şəxsdir və AFFA-nın orda heç bir hüquqi payı yoxdur. "Neftçi" çox böyük nəticələr qazandı. Ən böyük nəticə isə avroliqanın qrup mərhələsinə vəsiqə qazanması idi. Ordakı oyunlara diqqət etsək, həqiqətən də görərik ki, Azərbaycanı yaxşı təmsil etdilər. Ondan sonra "Neftçi"də islahatlar başladı. Əslində, dünyanın böyük klublarına nəzər yetirsək, belə hallar onlarda da müşahidə olunur. Bəlkə də "Neftçi" o böyük klublardan biridir. Başqa klublardan danışsaydınız, mən deyə bilərdim ki, bəli, AFFA-nın müdaxiləsi oldu. Bunun da səbəbi odur ki, biz həmin klubları maliyyəşdirməyə başladıq. Bizə də hüquqi səbəb lazımdır ki, niyə bunu edirik. "Neftçi"də isə belə proses yoxdur. Bu, "Neftçi"nin öz qərarı idi. Gözləyək görək, bu qərarlar 2011-2012, 1966-cı illərdəki "Neftçi"ni geri gətirəcəkmi, yoxsa yox. Ümid edirəm ki, bir gün olacaq.
– Daha öncəki baş məşqçilərin tələb və təklifləri çox idi yoxsa Qurban Qurbanovun?
– Elə də böyük bir fərq yoxdur. Məşqçilər ilk gündən öz tələblərini səsləndirirlər. Biz bu qərara baxırıq, qəbul edirik. Qurban Qurbanovla tez-tez görüşürük, tələblərini, arzularını səsləndirir. Mən də bir azərbaycanlı kimi çox sevinirəm ki, Qurban Qurbanovun belə yüksək standartları var.
– Yerli məşqçilər daima şəraitin yaxşı olmamasından, onlara çox fürsətlər təklif edilməməsindən gileyləniblər. Əcnəbi məşqçilərə isə daha çox diqqət ayrıldığını iddia ediblər. Necə düşünürsünüz, Qurban Qurbanovun dövründə AFFA-nın büdcəsində azalma olmayacaq ?
– Sözün düzü, biz 2018-ci il büdcə müzakirəsini etmişik. Heç bir dəyişiklik yoxdur, rəqəmlər eyni rəqəmlərdir. Yerli və əcnəbi məşqçilər arasında fərq qoymuruq. Gənclərdə də eyni qaydadır. Bu məsələ, yerli məşqçidən asılıdır. Yerli məşqçi yeni bir standart tətbiq etmək istəyirsə və bu standartlara hörmətlə yanaşırsa, işəgötürən onun tələblərini mütləq icra etməlidir.
– Millətlər liqasında bizim yolumuz Ermənistanla kəsişə bilər. İstərdinizmi millimiz Ermənistanla qarşılaşsın?
Bu problemli oyundur. Təbii ki növbəti püşkatmada eyni qrupa düşə bilərik. Burda ev-səfər məsələsi var və bu çox problemli məsələdir. Artıq UEFA tərəfindən bizə şifahi şəkildə bildirilib ki, növbəti mərhələdə biz görüşsək, UEFA-nın İcraiyyə komitəsinin xüsusi bir qərarı olacaq. Yəni oyun harda olacaq, ümumiyyətlə olacaqmı və s. Lakin futbol futboldur. Oynamaq lazım olsa oynayacağıq. Lakin gəlin əvvəl birincilik haqda düşünək.
