“Musa Qurbanlı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir” – Qurban Qurbanov
22.04.2023 , 00:06

Azərbaycan Premyer Liqasının 31-ci turunda keçirilən “Qarabağ” – “Zirə” oyunundan (2:2) sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Korner.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bildirib:
“Ramazan bayramı münasibətilə hər birinizi təbrik edirəm!
Çox maraqlı, dramatik oyun oldu. Azarkeşlər üçün maraqlı oyun keçdi. Çox yaxşı hazırlaşmışdıq. Amma “Zirə” çox yaxşı mübarizə apardı. Hər iki komanda bir xala layiq idi. “Zirə”yə uğurlar arzu edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq.
Oyun pis getmirdi. Doğrusu, dəyişiklik mövzusunda bir az ehtiyat etdim. Sona qədər futbolçularım meydanda dözdülər. Qarşıdakı oyunlarda dəyişikliklər ola bilər. Ardıcıl ikinci oyunda xal itirməyimizin xüsusi səbəbi yoxdur. Bəzən komanda xal itkilərinə məruz qala bilər. Sadəcə, rəqiblərimiz çox ciddi hazırlaşırlar. Futbolçularımdan razı qaldım.
Musa Qurbanlının “Torino”ya keçidi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.
