“Müdafiədə diqqətli olmalıyıq” – Xayme Romero
27.11.2019 , 22:38

Avropa Liqasının qrup mərhələsinin V turunda sabah İspaniyanın “Sevilya” klubunun qonağı olacaq “Qarabağ”ın futbolçusu Xayme Romero oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib.
– Güclü rəqibə qarşı çıxış edəcəyimizin fərqindəyik. Bizə xal lazımdı. Müdafiədə diqqətli olmalı və şanslarımızı gözləməliyik.
– Rəqibin növbəti mərhələyə vəsiqəni təmin etməsi sizin üçün matçın asan olacağı anlamına gəlirmi?
– Baş məşqçimizin dediyi fikirlərə qatılıram. İlk oyunda 3-cü qoldan sonra da rəqib hücum edirdi. Heç olmasa 1 xal qazanmağa çalışacağıq.
– Burdan sərfəli nəticə ilə qayıtmaq üçün hansı oyun üslubunda çıxış etməli olduğunuzu düşünürsüz?
– Müdafiədə diqqətli olmalıyıq. Boşluqlar buraxmamalıyıq. Əldə etdiyimiz imkanlardan yararlanmalıyıq. Nə olacağını görəcəyik.
– Nə vaxtsa bu stadionda oynamısanmı?
– Təəssüf ki, burda oynamaq nəsib olmayıb. “Qranada”da oynayanda zədə və ya vərəqəyə görə meydana çıxa bilməmişdim. Bir ispan kimi belə oyunda iştirak eləmək çox xoşdu. Oyundan zövq almağa çalışacağıq.
– “Qarabağ”da 3 ispan futbolçu var. Yaxınlarınızdan neçə nəfər stadionda olacaq?
– Təxminən 10-a yaxın ailə üzvüm stadionda olacaq.
