U19

Millinin məşqçisi püşkü dəyərləndirdi

02.11.2018 , 16:53

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Ağatahir Əzimov ilk dəfə təşkil ediləcək Avropa çempionatının püşkatmasının nəticələri barədə federasiyanın mətbuat xidmətinə müsahibə verib

Əzimov əsas mərhələnin II qrupunda Hollandiya, Sloveniya və ilkin mərhələdə B qrupunun qalibi olacaq yığma ilə qarşılaşacaq millinin imkanlarını dəyərləndirib.

Müsahibəni təqdim edirik.

– İlk dəfə keçiriləcək Avropa çempionatının əsas mərhələsindəki rəqiblər müəyyənləşib. Püşkü necə dəyərləndirirsiniz?

– Məncə, şikayətlənməyə dəyməz. Çünki daha güclü və çətin rəqiblərlə də bir qrupda yer ala bilərdik. Reallığı nəzərə alsaq, Hollandiya və Sloveniya, eləcə də ilkin mərhələdən qrupumuza qoşulacaq yığma bu gün Avropada top komanda deyil. Hər birinə qarşı mübarizə aparmaq olar. Bacardığımızın ən yaxşısını etməyə çalışacağıq.

– İlkin mərhələdən hansı komandanın rəqibimiz olmasını istərdiniz?

– Müqayisə etsək, İsveç digərlərindən daha güclüdür. Kosovo da zəif komanda deyil. Püşk yeni atılıb. Rəqiblərimizin imkanlarını dəyərləndirəcəyik. Hansı ölkədə uşaq futzal məktəbi güclüdürsə, deməli, həmin milli təhlükəlidir. Təəəssüf ki, biz bu sahədə axsayırıq. Sadəcə, biz A milli komandanın reytinqinə görə mübarizəyə əsas mərhələdən başlayacağıq. Çünki U-19-ların Avropa çempionatı ilk dəfə keçiriləcək.

– Rəqiblər, eləcə də oyunların keçirilmə tarixi məlumdur. Hazırlıq planı necə olacaq?

– Həftədə 3 dəfə məşq edirik, bir dəfə oyun keçiririk. Komandamız Birinci Liqada mübarizə aparır. Bu şəkildə də davam edəcəyik. Noyabrın 8-də Gürcüstana yollanacağıq və orda bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcəyik. Bu cür yoldaşlıq oyunlarını davam etdirəcəyik. Fevral ayında da ən azı iki beynəlxalq oyun keçirməyi düşünürük. Artıq bu istiqamətdə danışıqlar gedir. Mümkün olduqca digər aylarda da gücümüzü hansısa rəqiblə sınayacağıq. Bu gün ən çox ehtiyacımız olan məqamlardan biri də beynəlxalq oyun təcrübəsidir. Uşaqlar bunun məsuliyyətini hiss etməlidirlər.

– Komandanı formalaşdıra bilmisiniz?

– Vəziyyət acınacaqlı deyil. Tədricən formalaşdırmağa çalışırıq. Düzdü, oyunçularımız futzal üçün elə də güclü deyillər. Çünki hamısı böyük futboldan cəlb olunublar. Bu oyunun incəlikləri var, onu öyrənmək lazımdır. Çətinliyə baxmayaraq, “dördlüy”ün birini qurmuşuq. Ancaq ən azı ikinci “dördlüy”ü də formalaşdırmalıyıq. Bunun üçün çalışırıq. Yenə deyirəm, millinin qapıları hər kəs üçün açıqdır. Diqqətimizi cəlb edən yeniyetmə gördükdə, dəvət edirik.

– Yeni yaranmış komandadan qitəmiqyaslı yarışda ciddi uğur gözləməyə dəyər?

– Hər oyuna qələbə qazanmaq üçün çıxacağıq. Nəticə qazanmaq üçünçalışırıq. Bu, çox vacibdir. İstəyimizi reallaşdırmağa gücümüz nə dərəcədə çatacaq, bunu zaman göstərəcək. Ancaq şəraitdən, heyətdən asılı olmayaraq, u-19-un məqsədi dəyişməzdi: hər şey qələbə üçün!

– Rəqiblərin hansısa oyununu canlı izləmək imkanınız olacaq?

– Bu yaş qrupundan ibarət komandalar yeni yaranıb. Çalışacağıq oyunların videoyazısını tapaq. Yəqin rəsmi matçlara qədər hansısa turnirdə iştirak edəcəklər, yoldaşlıq oyunları keçirəcəklər. Səhv etmirəmsə, Hollandiya Türkiyə ilə yoldaşlıq oyunu keçirib. Həmin qarşılaşmanın videoyazısını tapmalıyıq.

Son yazılar

Yuxarı