Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq futbolçusu Şamil Qurbanov Ermənistanın “Uliss” klubuna dəvət olunub.
Korner.az-ın Qol.Az-a istinadən verdiyi xəbərə görə, o, İrəvanın “Uliss” klubu ilə anlaşıb.
Ş.Qurbanov artıq Türkiyədə təlim-məşq toplanışında olan komandanın düşərgəsinə qatılıb. 22 yaşlı futbolçu həmçinin Moldovanın “Milsami” klubu ilə keçirilən yoxlama görüşündə iştirak da edib.
Əslən dağıstanlı olan Şamilin Ermənistan klubuna keçidi ölkədə birmənalı qarşılanmayıb. aravot.am saytını xəbərinə görə, Ermənistan Yazıçılar Birliyinin Tavuş Regional şöbəsinin rəhbəri Samvel Beqlaryan deyib ki, Ermənistan çempionatına liderlik edən klubda Azərbaycan vətəndaşlığı olan futbolçunun oynamasının əleyhinədir.
“Necə yəni, O azərbaycanlıdır? Ermənistan klubunda azərbaycanlı futbolçuya nə ehtiyac var?” fikirləri ilə çıxış edən ermənilər sosial şəbəkələrdə Şamil Qurbanovu təhqir ediblər.
Qeyd edək ki, 1993-cü ildə Rusiyada anadan olan Şamil Qurbanov “Volqa” klubunun yetirməsidir.
