Milli komandamızın üzvü Ali Gökdemir klubunu dəyişir.
Korner.az-ın məlumatına görə, Türkiyə Super Liqasında çıxış edən “Elazığspor”un formasını geyinən türk əsilli futbolçumuz qardaş ölkədə qalacaq.
Amma o, yeni mövsümə “Elazığspor”da başlamayacaq. Qışda “Hannover 96″dan Elazığ təmsilçisinə icarəyə verilən Gökdemir qardaş ölkədə uğursuzluqla üzləşdi. Belə ki, iki kubok oyununda start heyətində yer alan və 90 dəqiqə oynayan futbolçumuz Super Liqada cəmi 10 dəqiqə oynaya bilib. Bundan sonra ağır zədə alan Ali əməliyyat olunub və uzun müddətdi bərpa prosesi ilə məşğuldu.
Artıq “Elazığspor” Gökdemirin xidmətində maraqlı olmadığını onun diqqətinə çatdırıb. Onun “Hannovner 96″ya dönüşü də gözlənilmir. Çünki baş məşqçi Tayfun Korkut millimizin üzvünü əsas komandada görmür. Müdafiəçi özü isə U-23 komandasında çıxış etmək niyyətində deyil.
Ali “Hannover 96″nın razılığını alaraq ayrılmaq istəyir. Futbolçumuza Türkiyədən bir neçə təklif var. Həmin klubların adları açıqlanmasa da, PTT 1-ci liqada çıxış etdikləri dəqiqdi. Gökdemir böyük ehtimalla bu klublardan biri ilə anlaşacaq.
