“Millidən belə tez dəvət gələcəyini gözləmirdim” – Rüfət Dadaşov
09.10.2018 , 09:50

Millimizin üzvü Rüfət Dadaşov Almaniyanın “Bild” nəşrinə müsahibə verib. “Proyssen”in hücumçusu bir müddət fasilədən sonra yenidən yığmamıza dəvət almasından danışıb.
– Azərbaycan millisinə dəvət sizi təəccübləndirdi?
– Yenidən vətənim üçün oynamağı aruzlayırdım. Düzü, belə tez dəvət gələcəyini gözləmirdim. Buna görə, “Proyssen” klubuna və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm.
– Orada əsas heyətə düşmək şansınızı necə dəyərləndirirsiniz?
– Əlbəttə ki, oynayacağıma ümid edirəm. Lakin hücum xəttində rəqabətin hansı səviyyədə olduğunu bilmirəm. Uzun müddətdir milliyə çağırılmadığımdan digər oyunçuların çoxundan xəbərim yoxdur.
– “Proyssen”in sabiq futbolçusu Dmitri Nazarov da Azərbaycan millisinə çağırılıb.
– Bəli, o, Bakıya mənimlə birlikdə gəldi. Biz yaxın dostuq. Eyni zamanda millidə eyni otaqda qalırıq.
– Bakıda anadan olmusunuz və ailəniz hazırda orada yaşayır. Onlarla görüşmək imkanınız oldumu?
– Bəli, bura gələndə qohumlarım məni ziyarət etdi, onlarla söhbətləşdim. Hər kəsi yenidən görmək çox gözəl idi.
– Millətlər Liqasının növbəti turunda oktyabrın 11-də Farer adaları, 14-də isə Malta ilə qarşılaşacaqsınız. Komandanızı nə gözləyir?
– Bizim hər iki görüşdə qalib gəlmək şansımız var. Bunun üçün əlimizdən gələni edəcəyik.
