Futbol

“Milli komanda olaraq şərəf üçün oynayacağıq” – Nikola Yurçeviç

18.11.2019 , 22:44

AVRO-2020-nin seçmə mərhələsində sabah Slovakiyanın qonağı olacaq Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Korner.az xəbər verir ki, baş məşqçi əvvəlcə görüş barədə fikirlərini bildirib.

“Sabah qrupda son oyunumuzu keçirəcəyik. Bu matçın nəticəsi rəqib üçün daha vacibdi. Çünki qələbə qazanaraq, digər görüşün heç-heçə yekunlaşmasını gözləyəcəklər. Amma biz də uğur qazanmağa çalışacağıq. Komandada motivasiya var. Milli komanda olaraq şərəf üçün oynayacağıq. Cəmi bir xalımız var. Yalnız bir oyunda xal qazanmaq şansımız olmayıb. Rəqibə 1:5 hesabı ilə uduzmuşuq. Yaxşı nəticə üçün gücümüzü meydanda qoyacağıq. Slovakiya güclü rəqibdi. Onlar müasir futbol sərgiləyirlər. İnanırıq ki, yaxşı nəticə qazana bilərik”.

53 yaşlı mütəxəssis komandadı debütantların meydanda olma ehtimalından da söz açıb: “Heyətdə dəyişiklik olacağı istisna deyil. Bəzi problemlərimiz var. Mahir və Maksimin olmayacağı bəlli idi. Paşayev, Nazarov və Almeydanın da oynaması şübhə altındadı. Bu məşqdən sonra və sabah oyuna qədər hər şey bəlli olacaq. Uelslə gərgin oyundan sonra qeyri müəyyənliklər ortaya çıxır”.

Xorvatiyalı məşqçi komandanın motivasiyası ilə bağlı bunları söyləyib: “Belə vəziyyətdə motivasiya olunmaq asan deyil. Rəqib bizə təzyiq edəcək. Biz vəziyyətin nə olmasından asılı olmayaraq Azərbaycan üçün oynayırıq. Futbolçular matçın vacibliyini bilirlər. Qrupda cəmi bir xal qazandıq. Bizimlə müqayisədə rəqiblər daha güclüdü. Futbolçular evdəki 1:5 hesablı məğlubiyyətdən sonra daha yaxşı nəticə qazanmaq istəyəcəklər”.

Yurçeviç deyib ki, qarşılaşma rəqib üçün daha vacibdi: “Oyunçularımız daha sərbəst oynayacaqlar. Yalnız matçın sonunda biləcəyik ki, vəziyyətin belə olması komandaya nə dərəcədə təsir edib. Rəsmi olaraq iki oyundu ki, qol vura bilmirik. Amma Macarıstanla görüşdə hamı gördü ki, təmiz qolumuzu saymadılar. Hazırda hücumçu mövqeyində problemlər var. Ramil Şeydayev, Renat Dadaşov, Mirabdulla Abbasov klublarında müntəzəm oynamırlar. Amma onların qol vurmaq şansları var. Renat çox vacib oyunçudu. Onun imkanları var. Seçmə mərhələnin son matçıdı. Mənim isə müqaviləm fevrala qədərdi. Gələcəklə bağlı nəsə deyə bilmərəm”.

Son yazılar

Yuxarı