Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Makedoniyanın “Metallurq” klubunun baş məşqçisi Srcan Zaharievski qarşıdakı oyunlar haqqında danışıb.
Korner.az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis komandasının “Qarabağ”la oyuna ciddi hazırlaşdığını bildirib: “Azərbaycan futbolu günü-gündən inkişaf edir. “Qarabağ”da müxtəlif ölkələrdən yaxşı futbolçular cəmləşib. Biz də Makedoniya çempionatında cari mövsümün ikinci yarısında yaxşı çıxış etdik. Hazırda “Qarabağ”la oyuna ciddi hazırlaşırıq. İnanıram ki, bu da bizə növbəti mərhələyə keçməyə imkan verəcək”. Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 2-də Makedoniyada keçiriləcək. Cavab görüşü isə iyulun 11-də Bakıda baş tutacaq.