İngiltərə Premyer Liqasının 30-cu turunda evdə “Uotford”u 3:0 hesabıyla məğlub edən “Arsenal”ın futbolçusu Məsut Özil rekorda imza atıb.
Oyunun 8-ci dəqiqəsində Şkodran Mustafiyə məhsuldar ötürmə edən Özil, Premyer Liqada 50-ci qol ötürməsinə imza atıb. Almaniya millisinin üzvü bu həddə ən tez çatan futbolçu kimi çempionatın tarixinə düşüb. Belə ki, türk əsilli futbolçu 50-ci məhsuldar ötürməyə Premyer Liqada keçirdiyi 141-ci oyunda imza ataraq, Erik Kantona (143) və Denis Berkampı (146) geridə qoyub.
Mustafinin qolu isə “Arsenal”ın Premyer Liqada ev oyunlarında vurduğu 1000-ci top olub.
30 oyundan sonra hesabında 48 xal olan “Arsenal” 6-cı pillədə qərarlaşıb.
