Məntiq qanunlarına görə, builki Amerika Kubokunda bütün üstünlük Argentina yığmasının tərəfində idi. Əsas favorit kimi göstərilən millinin çalışdırıcısı Xerardo Martino ulduzlardan ibarət heyəti tam müdafiə futboluna uyğun formalaşdırmış və finala qədər inamlı yol qət etmişdi. Rəqib Çili də parlaq oyunları ilə yadda qaldı. Meksika futbol tarixində ən böyük məğlubiyyətlərdən birini, məhz Argentinanın rəqibindən aldı – 0:7.
Demək olar ki, üstünlüklərin çoxsu Argentinanın tərəfində olsa da, komanda uduzdu. Niyə? Bəlkə də, bu komandanın yox Messinin lənətidi. Ulduz futbolçu mümkün olan bütün kubokları qazanıb. Millidə isə hələki heç nə edə bilməyib desək, tam yeridi. Fərziyələri bir qırağa qoyub Argentina yığmasının məğlubiyyətinin real səbəblərini araşdıraq.
İquain amili
Argentina yığmasının forvardı Qonzalo İquain ötən mövsüm "Napoli"nin heyətində uğurlu çıxış etmişdi. A Seriyasında göstərdiyi oyun millidə də ondan yüksək gözləntilərin yaranmasına səbəb idi. Amma biz bilirik ki, İquain vacib xarakterli oyunlarda necə oynayır. Bununla dəfələrlə qarşılaşmışıq. Həm klub, həm də milli karyerasında keçirdiyi final oyunlarında qol epizodlarını sağa-sola xərcləyən forvard bu dəfə də öz "ənənəsinə" sadiq qaldı. Min bir əziyyətlə epizod yaradan Messi və komanda yoldaşları İquainin fərqlənməsi üçün hər şəraiti yaratdı. Argentina hücumlarını bir çörək kimi düşünsək, Messi, Di Maria və digərləri onu çeynəyib İquainə verdi ki, forvarda yalnız onu udmaq, həzm etmək lazım idi. Təbii ki, İquain gözləniləni versə, bu yazı olmayacaqdı. Argentina məğlubiyyətinin əsas səbəblərindən biri də məhz İquainin qaçırdığı qol epizodları idi.
İlk hissədə iki qırmızı vərəqə
İquain ilk hissənin vahid "qəhrəmanı" ola bilərdi, əgər oyunun braziliyalı baş hakimi Eber Lopes əlini cibinə salmasaydı. Matçın 28-ci dəqiqəsində Marselo Dias Messiyə qarşı kobud oyununa görə meydanı vaxtından əvvəl tərk etdi. Qərar bir qədər mübahisəli olsa da, artıq olan olmuşdu. Final oyunlarında adətən, hakimlər belə epizodlara görə qırmızı vərəqə göstərmir. Qayda pozuntusu da qırmızı vərəqəlik deyildi, o qədər də kobud görünmürdü. Argentina qırmızı vərəqəyə qədər də oyuna hakim idi, Diasın meydandan çıxması da hər şeyin böyük ölçüdə həll olunması demək idi. Oyunun gedişi Argentinanın hər an qol vura biləcəyindən xəbər verirdi. Lakin qarşılaşmanın baş hakimi üçün bu gedişat sıxıcı gəldi və o matçın ssenarisinə "əl atmaq" qərarına gəldi. İlk hissənin sonlarında Markos Roxonun kobudluğu meydanda futbolçu sayını yenidən cüt rəqəm etdi. Açıq danışaq, burada da qırmızı vərəqəlik qayda pozunutusu yox idi. Üstəlik təkrarda da görünür ki, Markos Roxo topa oynamışdı. Lopes bu tip bütün qayda pozuntularına qırmızı vərəqə versəydi, oyunun 70-ci dəqiqəsində tərəflər 7-7-yə mübarizə aparardı. Bu iki yersiz qırmızı vərəqə matçın gedişatına böyük ölçüdə təsir göstərdi.
Aqüeronun qaçırdığı epizod
İquain meydanı tərk etdi və əvəzinə Serxio Aqüero oyuna qoşuldu. Sanki İquain öz xarakterini Aqüeroya ötürdü. Oyunun sonlarına yaxın Messinin Aqüero üçün yaratdığı real qol epizodunu boşuna xərcləyən Maradonanın kürəkəni topu qapıya yox staionun üstündən təsadüfən keçən quşlara göndərdi. Bir növ Serxio Ramosa öz salamını göndərdi. Yəqin ki, onunda penalti zamanı topu göyə vurması yadınızdadı.
Klaudio Bravonun möhtəşəm qurtarışı
Ardıcıl ikinci dəfə Amerika Kuboku finalında qalibi müəyyən etmək üçün 90 dəqiqə kifayət etmədi. Əlavə vaxtın ilk dəqiqlərində Argentina penalti seriyasına qədər oyunun taleyini həll etmk niyyətində olduğu açıq-aşkar bilinir. Bu anda səhbəyə "Barselona"nın qapıçısı Klaudio Bravo çıxdı. Aqüeronun başla zərbəsini inanılmaz qurtarışla qapıdan çıxaran Bravo qola imkan vermədi. Bundan sonra Messinin də bir neçə epizodunun qarşısını alan Bravo Argentinaya fərqlənməyə imkan vermədi.
Bütün bunlar Argentina yığmasının qalib gəlməsinə mane olan səbəblər idi. Gözləyək növbəti çempionatları və Messi üçün ümid edək ki, Argentina yığması bu tilsimi qıra biləcək.
Məmmədov İlkin
Korner.az
