DÇ-2018

Messi: “Tanrının bizimlə birlikdə olduğunu bilirdim”

27.06.2018 , 09:45

Argentina milli komandasının kapitanı Lionel Messi DÇ-2018-in qrup mərhələsinin son turunda Nigeriyaya 2:1 hesabı ilə qalib gələrək, 1/8 finala çıxdıqları görüşün ardından açıqlama verib.

 

Oyunda ilk qolun müəllifi olan 31 yaşlı super ulduz ilk iki oyundakı nəticələrdən sonra ruhdan düşmədiklərini və sona qədər mübarizə apardıqlarını deyib: “İlk iki oyundan sonra 1 xal qazanmışdıq və bu, bizi məyus edirdi. Bu, hamımız üçün böyük şok idi. Çox çətin günlər keçirdik. Ruhdan düşmədik və çox sevinirik ki, bu oyunda geri döndük. 1/8 finala adladığımız üçün sevinirik”.

 

Messi ikinci hissəyə yaxşı başlamadıqlarını deyib: “Bu matçda qalib gələcəyimizə əmin idik. Bu şəkildə qazanmaq möhtəşəm oldu. İlk hissədə yaxşı çıxış etdik və qol vurduq. İkinci hissə bizim üçün arzu etdiyimiz kimi başlamadı. Qapımızda qol görəndən sonra toparlanmağımız gec oldu. Xoşbəxtlik gətirən qolu xeyli axtardıq. İkinci qolu vura bilmədiyimiz üçün daha əsəbi idik. Xoşbəxtlikdən biz həmin qolu son dəqiqələrdə vurduq”.

 

Kapitan Argentinanın 1/8 finaldakı rəqibi olan Fransa haqda da danışıb: “Fransa güclü və “silahları” olan komandadır. Sürətinə görə fərqlənən oyunçuları var. Bizi 1/8 finalda yaxşı komanda gözləyir”.

 

Messi azarkeşlərə təşəkkür edib: “Tanrının bizimlə birlikdə olduğunu və tərk etməyəciyini bilirdim. Bizi dəstəkləyən, fədakarlıq edərək, hər zaman arxamızda olan azarkeşlərə və Argentina xalqına təşəkkür edirəm. Bu forma hər şeydən daha dəyərlidir”.

Son yazılar

Yuxarı