Martines: “Gərgin oyun idi”
15.10.2025 , 11:24
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines DÇ-2026-nın seçmə mərhələsində Macarıstanla 2:2 hesablı bərabərlikdən sonra mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib.
Korner.az xəbər verir ki, ispaniyalı mütəxəssis qarşılaşmanın çətin keçdiyini qeyd edib:
“Bu, çox gərgin oyun idi. Rəqib xüsusilə standart vəziyyətlərdə təhlükə yaradırdı. İlk hissədə topa nəzarət bizdə idi və yaxşı oynayırdıq. İkinci hissəyə də istədiyimiz kimi başladıq, lakin soyuqqanlılığımızı itirdik.
Son dəqiqələrdə qələbəni qorumaq və mundiala vəsiqəni vaxtından əvvəl təmin etmək istəyi bizə psixoloji təsir etdi. Belə oyunlar bizə dərs olmalıdır, çünki böyük turnirə ən yaxşı formada yollanmaq üçün bu cür situasiyalarda daha ağıllı davranmalıyıq”.
Qeyd edək ki, Portuqaliya matçın əvvəlində erkən qol buraxsa da, fasiləyədək Kriştiano Ronaldonun dublu ilə hesabda önə keçib. Lakin görüşün sonlarına yaxın Dominik Soboslayinin qolu Macarıstana bərabərlik qazandırıb.
Hazırda Portuqaliya yığması qrupun lideridir.