Premyer Liqanın 15-ci turunda “Qarabağ” “Neftçi”ni qəbul edib. Azərbaycan derbisində qalib müəyyənləşməyib – 1:1.
Korner.az-ın məlumatına görə, oyundan sonra “Neftçi”nin çalışdırıcısı Elxan Abdullayev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Fasilədən sonra ilk oyunlar çətin olur. Çempiona qarşı oynadıq. Gərgin keçdi. Hər iki komanda yaxşı oynadı. Maraqsız oyun kimi görünsə də, gərgin qarşılaşma idi.
– Namiq Ələsgərovun oynamaması nə ilə bağlı idi?
– Bu, qarşılıqlı razılaşmadı. Qurban Qurbanov da çox sağ olsun. O, “Qarabağ”a qarşı oynaya bilməz. Ancaq bu il oynaya bilməz. Bu, kişi söhbətidir.
– Kamal Qurbanovun planlarınızda olmadığını demişdiz. Amma onun adını bu oyunda “18-liy”ə saldız.
– Antalyaya da aparmışdıq. Təklif gəlsəydi, icarəyə göndərəcəkdik. Amma alınmadı. Hazırda zim oyunçudur.
– Heyətə cəlb olunan futbolçular hamısı sizin istəyinizlə cəlb olunub?
– Başqa cür ola bilər? Əlbəttə.
– “Neftçi”nin dəyişdiyini demək olar?
– 0:1 uduzaraq hesabı bərabərləşdirsəydik, daha yaxşı olardı. Özümüzü tərifləməyək, heç-heçə etmişik. Tam qələbəyə də layiq deyildik. Heç-heçə ədalətli nəticə idi. 1:0 hesabını qorumaq da çətindir. Penalti epizodaları haqda və hakim barədə danışmayacam.
– Qarşıda “Qəbələ” və “İnter”lə oyunlar var. Psixoloji cəhətdən hazırsız?
– Fərqi nədir ki, indi oynadıq, sonra. Təqvim hamı üçün eynidi. Mən burada ciddi heç bir şey görmürəm.
– Yeni transferiniz Barqasla bağlı nə deyə bilərsiz?
– 30 yaşı var, təcrübəlidir. İnanıram ki, bizə faydalı olacaq.
