İngiltərənin “Mançester Siti” klubunda futbolçularla məşqçi heyəti arasında gərginlik yaşanıb.
Korner.az-ın məlumatına görə, “şəhərlilər”in hücumçusu Vilfred Boni baş məşqçisi Manuel Pelleqirinidən narazılığını dilə gətirib.
Buna futbolçunun İngiltərə Premyer Liqasının son turu çərçivəsində “Arsenal”la oyunda start heyətində yer almaması səbəb olub. Belə ki, son 3 matçda, 3 qol vuran Boni onun yerinə zədədən yeni qayıdan Serxio Aqueronun meydana çıxmasına etiraz edib:
“Fikrimcə, oyuna start heyətində başlamaq mənim haqqım idi. Aquero zədəsini yeni sağaldıb və bir neçə həftədi ki, oynamırdı. Amma mən məşqçi deyiləm. O, ən doğru qərarı verdiyini düşünməkdə azaddı”.