“Mançester Siti” Mark Quehini transfer etmək istəyir
17.12.2025 , 11:50
“Kristal Pelas”ın müdafiəçisi Mark Quehinin gələcəyi ilə bağlı yeni iddialar gündəmə gəlib.
Korner.az xəbər verir ki, 25 yaşlı futbolçu “Mançester Siti”nin transfer siyahısında yer alır. “Şəhərlilər” İngiltərə millisinin üzvünü müdafiə xəttini gücləndirmək üçün əsas namizədlərdən biri kimi dəyərləndirir.
Yay transfer pəncərəsində “Liverpul”a keçidi baş tutmayan Quehi “Kristal Pelas”la 2026-cı ilin iyun ayının sonuna qədər olan müqaviləsini uzatmaq niyyətində deyil və komandadan ayrılmağa hazırdır. “Mançester Siti”nin isə futbolçunun inkişafını uzun müddətdir yaxından izlədiyi bildirilir.
Klub müdafiə xəttində yenilənmələr etməyi planlaşdırır və Quehi uzunmüddətli perspektiv üçün uyğun seçim hesab olunur. “Kristal Pelas” rəhbərliyi isə futbolçunun gələcəkdə pulsuz ayrılmaması üçün onu qış transfer dövründə satmaq variantını da nəzərdən keçirir. Buna səbəb isə bir neçə aparıcı klubun müdafiəçiyə maraq göstərməsidir.
Quehi cari mövsümdə bütün turnirlərdə 25 oyunda meydana çıxıb, 2 qol vurub və 3 assistlə yadda qalıb.