"Qarabağ"ın müdafiəçisi Maksim Medvedyevin Korner.az saytına müsahibəsi.
– Əvvəlcə zədən haqqında məlumat almaq istərdik. Özünü necə hiss edirsən?
– İndi çox yaxşıyam. Zədəm o qədər də ciddi deyildi. “Bakı” ilə oyunda dizimdən zədələnmişdim. Qorxurdum ki, nəsə bir başqa problem olar. Amma indi çox yaxşıyam.
– Zədəli olduğun üçün “Xəzər-Lənkəran”la oyunda sən çıxış etmədin. Bu oyunla bağlı nə deyə bilərsən?
– Oyunu kənardan izlədim. Hər 2 komanda oyuna xal almaq üçün çıxmışdı. Doğrudu, açıq futbol görə bilmədik. Bu da başadüşülən idi. Oyun əsasən meydanın mərkəzində keçdi. Hər 2 komandanın qol vurmaq üçün çox epizodu oldu. Amma Vüqar çox gözəl qol vurdu və 3 xalı biz qazandıq.
– Azarkeşlərin fikrincə, sənin mövqeyində çıxış edən İlqar Qurbanov səndən zəif təsir bağışladı. Bu haqda nə deyə bilərsən?
– Mən heç də belə deməzdim. İlqarı hamı tanıyır. O, hücuma tez- tez qoşulur. Hücumameyilli futbolçudu. Doğrudu, “Xəzər-Lənkəran”la oyunda çox qabağa gedə bilmirdi. “Xəzər-Lənkəran” elə bir komandadır ki, hər hansı səhvi bizə bağışlamayacaydı. O, öz yerində çıxış edirdi və yəqin ki, bu da baş məşqçinin tapşırığı idi. Məncə, çox yaxşı oynadı.
– 2012- ci il başa çatır. Səncə, “Qarabağ” bu il necə çıxış etdi?
– Bu il "Qarabağ" bacardığının 60 faizini elədi. Daha da yaxşı çıxış edə bilərdik. Amma təəssüf ki, öz səhvlərimiz ucbatından 3-cü yerdəyik. Kubokda da yolumuza davam edirik. Gələn il az səhv edərək yaxşı nəticə əldə edəcəyik..
– Bu il komanda çempion olmağı qarşınıza hədəf qoyub. Sizcə, bu il çempion ola biləcəksiz?
– Hələlik bu haqda danışmaq tezdir. Biz də istəyirik ki, çempion olaq. Bu il daha az səhv edən komanda çempion olacaq.
– “Neftçi”nin prezidenti Sadıq Sadıqov deyir ki, yaxın 5-10 il ərzində “Neftçi”nin uğurunu heç kim təkrarlaya bilməyəcək. Bu fikrə münasibətin necədir?
– Bu, Sadıq müəllimin fikridir. Yəqin ki, Sadıq müəllim bu yolu keçib və bilir ki, necə çətin yoldu. Biz də 2 il pley-offda oynamışıq. Bilirik ki, necə çətindi. İnanıram ki, bizim komandalara pley-offda güclü düşməsə, yenə qrup mərhələsində oynamaq mümkün olacaq.
– Son vaxtlar da hamı səni həm sağ, həm də sol cinahda görür. Sənin üçün hansı mövqedə oynamaq daha rahatdı?
– Sağda oynamaq daha rahatdı. Azərbaycan çempionatı o qədər də güclü deyil ki, sırf müdafiə futbolu oynayaq. Hücumameyilli oynayıram. Top həmişə sağ ayağımda olur. Rəqibi cinaha sıxmaq üçün sol ayaq da daha rahat olur.
– Azərbaycanda həm legionerlərdən, həm də yerli futbolçulardan öz cinahında kimi bəyənirsən?
– Sağ cinahda heç kimi bəyənmirəm. Sol cinahda isə Bertuççini demək olar. Amma o da qabağa gedəndə arxaya qayıda bilmir. Bir də Elnur Allahverdiyevi fərqləndirmək olar.
– Bəs Avropada?
– Sağ cinahda əsas Daniel Alveşi bəyənirəm. Əvvəllər onun kimi oynadığımı fikirləşirdim…
– Alveş həm də kumirindi?
– Xeyr. İndi kumirim yoxdu. Əvvəllər Del Pyero idi. Uşaqlıqdan “Yuventus”un oyunlarını izləyirəm. Necə deyərlər, “Yuventus”un “dəlisiyəm”.
– Son vaxtlar “Qarabağ”dan gedəcəyin deyilir. Əsası var bu söhbətlərin?
– Türkiyə klublarından təklif çox idi. Rusiyadan da təkliflər də var idi. Amma mənim “Qarabağ”la müqaviləm var. İndi yalnız bu klub haqqında fikirləşirəm.
Adil Mirzəzadə
