“Ukraynada “Dnepr”i məğlub etmək, çox sevindirici nəticədir. Hətta, qrupa düşəndə də dünənki qələbədən sonrakı kimi sevinməmişdik”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ” klubunun futbolçusu Maksim Medvedev komandasının Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gecə “Dnepr” (Ukrayna) üzərində qələbəsini şərh edərkən deyib.
Müdafiəçi rəqibin güclü heyətə sahib olduğunu, ancaq “Qarabağ”ın əzmkarlıq nəticəsində qələbə qazandığını ifadə edib: “Dnepr”in adlı-sanlı futbolçuları çoxdur. Məsələn, mənim cinahlmda oynayan Konoplyankanın hansı səviyyədə futbolçu olduğunu, onunla hansı nəhəng klubların maraqlandığını bilirsiniz. Sübut etdik ki, kollektiv oyunla nəticə qazanmaq olar. Bəzi məqamlarda topu özümüzdə saxlaya bilmədiyimizə görə məcbur olurduq çox qaçaq. Oyundan bir gün əvvəl getdiyimiz üçün yorğunluq da var idi. Əsas odur ki, komanda qol buraxmadı, əksinə, tarixi qolu vurdu”.
