Futbol

Maksim Medvedev: “Çalışacağıq ki, bu ağır günlərdə Azərbaycanı öz nəticəmizlə sevindirək”

29.09.2020 , 19:51

“Sevindirici hal odur ki, zədəli olan futbolçular artıq bizimlədir və matça çıxacaqlar. “Qarabağ” həmişəki kimi, öz oyununu nümayiş etdirə biləcək”.

Bu fikirləri “Qarabağ”ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada “Legiya”ya qarşı keçirəcəkləri matçdan öncə jurnalistlərə açıqlamasında deyib.

31 yaşlı futbolçu ağır səfərə getdiklərini bildirib: “Özümüz də başa düşürük ki, bu, bizim Avropada oynamaq üçün son şansımızdır. Ona görə əlimizdən gələni edəcəyik. Ölkədəki vəziyyət də bizə çox təsir edir. Çalışacağıq ki, bu ağır günlərdə Azərbaycanı öz nəticəmizlə sevindirək”.

Təcrübəli müdafiəçi meydanda öz sözlərini demək istədiklərini vurğulayıb: “Əsas odur ki, bu günlərdə çox şeyin baş verdiyini anlayırıq. Bizim ilk missiyamız odur ki, futbolumuzu göstərək və nəticə ilə sözümüzü deyək. Lazım olsa, meydanda döyüşəcəyik. Hamı o düşüncədədir ki, həm vuruşsun, həm də gözəl futbol sərgiləsin”.

Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq “Legiya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək (Report).

Son yazılar

Yuxarı