“Qarabağ”ın futbolçusu Maksim Medvedev klub karyerasında 250-ci oyununu keçirib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, karyerası boyu yalnız bir klubda çıxış edən müdafiəçi üçün Azərbaycan Premyer Liqasının XXIX turunun AZAL-la qarşılaşması yubiley xarakteri daşıyıb. Bu matçadək 249 dəfə Ağdam təmsilçisinin formasını geyən Maksim heyətində 7 qol vurduğu komandada 250-yə çatıb.
2007-ci il fevralın 12-də Yevlaxda baş tutan “Karvan” – “Qarabağ” oyununda baş məşqçi Rasim Kara tərəfindən start heyətə daxil edilən M.Medvedev peşəkar karyerasında ilk rəsmi matça çıxıb. 8 ildir klubuna sadiq qalan arxa xətt oyunçusu bu müddətdə 192 çempionat, 22 kubok, 36 avrokubok qarşılaşmasında iştirak edib.
