"Bilirdik ki, "İnter"lə oyun çətin olacaq. İki gün bundan öncə oyun oynamışdıq. Süni meydançada oynamaq bizə çətinlik yaradır. Bu dəfə də, belə oldu".
Bu sözləri Korner.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Mahir Şükürov "İnter"lə oyundan sonra (1:1) deyib. Müdafiəçi ikinci hissədə əsasən müdafiəyə oturduqlarını etiraf edib:
"Birinci hissədə biz daha yaxşı oynadıq. İkinci hissədə isə hesabı qorumağa çalışdıq və buna görə də, müdafiəyə fikir verdik. Bu oyunda həm biz, həm də "İnter" qalib gələ bilərdi. Müdafiəçilərimizin bəzilərinin olmaması da özünü göstərdi. Mən bu dəfə fərqli mövqeydə oynayırdım. Düşünürəm pis də, alınmadı. Bu oyunun nəticəsi isə fikirimcə ədalətli idi. İndi qış fasiləsində daha yaxşı hazırlıq keçib yenidən çempion olmaq istəyirik".
