Mahal Məmmədov: “Çempionatda 7 komanda çıxış edirdisə, bu il 10 olacaq”
04.09.2019 , 16:40

Bu gün futzal üzrə Azərbaycan çempionatında 2019/2020-ci il mövsümünün püşkatma mərasimi keçirilib.
Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov çempionatdakı yeniliklərlə bağlı korner.az-a açıqlama verib:
“Ötən il çempionatda 7 komanda çıxış edirdisə, bu il 10 komanda olacaq. Əslində, 12 komanda da ola bilərdi. Çünki müraciət edənlərin sayı çoxluq təşkil edirdi. Rəhbərlik belə qərara gəldi ki, bu il üçün 10 komanda yetərlidi. Çempionat 3 dövrədən ibarət olacaq. Ötən il olduğu kimi pley-off mərhələsi olacaq. Bundan əlavə olaraq limit də tətbiq ediləcək. Komandaların iştirak ərizəsinə 7, oyunun protokoluna isə 5 legioner futzalçının adı daxil edilə bilər. Bundan başqa 1 nəfər gənc yerli oyunçnun adının daxil edilməsi mütləqdi. Kubok oyunlarında da dəyişikliklər mövcuddu. Oyunlar 1/32 finaldan başlayacaq və hər mərhələ 2 oyundan ibarət olacaq. 1/4 mərhələyə qədər əlavə vaxt olmayacaq, qalib müəyyənləşmədikdə penaltilər seriyası tətbiq ediləcək. Oyunlar Bakı İdman Sarayında keçiriləcək. Senytabrın ayının 11-də 1-ci tura start veriləcək”.
Federasiya rəsmisi yeni qatılan komandalar barədə də fikirlərini bildirib:
“Marafon Futzal” 2 il əvvəl Yüksək Liqada iştirak edərək 2-ci yeri tutmuşdu. Sevindirici haldı ki, yenidən qayıdıblar. Rəqabət yaradacaq komandadı. “Baku Fire” komandasının çempion olub Yüskək Liqada çıxış etməsi də rəqabəti artıracaq. Daha bir yeni iştirakçı isə “Bakı” TFK olacaq. Bizi maraqlı çempionat gözləyir”.
İlk turda üz-üzə gələcək komandalar:
11 sentyabr, Bakı İdman Sarayı
“Bakı” TFK – “Yasamal” İSK
“Araz” – “Baku Fire”
“Xızı Futzal” – “Record club”
“Premier” (Quba) – EKOL
“Marafon” FK – “Neftçi”İK
