Almaniyanın əfsanəvi futbolçularından olan Bernd Şuster Azərbaycana gəlib.
Korner.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 1-də Bayıl stadionunda veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunu ilə əlaqədar Bakıda səfərdə olan “Beşiktaş”ın sabiq baş məşqçisi bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla görüşüb.
Qonağı salamlayan Məmmədov AFFA-nın dəvətini qəbul etdiyi üçün ona minnətdarlığını bildirib. Öz növbəsində Şuster Azərbaycanda olmasından böyük məmnunluq hissi keçirdiyini və veteranlar arasında keçiriləcək yoldaşlıq oyununu səbirsizliklə gözlədiyini deyib.
AFFA-nın Futbol akademiyasına gedən almaniyalı futbol veteranı buradakı şəraitlə tanış olub, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb və millimizin futbolkasının üzərinə xatirə imzası çəkib.
Baş katib AFFA-nın hədiyyələrini qonağa təqdim edib.
Qeyd edək ki, Şuster “Real” və “Barselona”da çıxışı ilə tanınıb.
