Madrid klubunda 4 itki
11.12.2025 , 23:04
La Liqanın 15-ci turunun ardından “Real Madrid”in dörd futbolçusu cəzalandırılıb.
Korner.az xəbər verir ki, “Selta” ilə “Santyaqo Bernabeu”da baş tutan və madridlilərin 0:2 hesabı ilə məğlub olduğu görüş klub üçün ciddi itkilərlə yadda qalıb.
Matçın gedişində Xabi Alonsoyun komandası iki futbolçusuz qalıb – Fran Qarsiya və Alvaro Karreras qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıblar. Hadisələrin videobaxışdan keçirilməsindən sonra La Liqa intizam komitəsi yekun qərarını açıqlayıb.
Kobudluğa görə qovulan Karreras, hakimə qarşı təhqiramiz ifadələr işlədən kapitan Dani Karvaxal, eləcə də oyuna daxil olmasa da qırmızı vərəqə görən hücumçu Endrik – hər biri 2 oyunluq diskvalifikasiya alıb. Fran Qarsiya isə aldığı qırmızı vərəqəyə görə 1 matçı buraxacaq.
Qeyd edək ki, “Real Madrid” 16-cı turda səfərdə “Alaves”lə qarşılaşacaq. Görüş dekabrın 15-i baş tutacaq.