Məşhur din xadimi, hal-hazırda yaradıcılıq fəaliyyətini- Amerikada davam etdirən Edip Yüksəlin korner.az saytına müsahibəsinin II hissəsi
(Qeyd edək ki, müsahibənin I hissəsini burdan oxuya bilərsiz)
-Bir çox İslam alimi və şeyxinin fətva və fikirlərinə görə futbola yüksək maraq məkruh, həmçinin insanı şirkə yönləndirən əməllərdəndir. Bu baxımdan onlarla həmfikirsiz?
– (gülür) Əlbəttə, futbola həddindən artıq önəm vermək, həyatının ən vacib məsələsi halına gətirmək böyük səhvdir. İnsanlar futbolçuları bütləşdirə bilirlər, hətta az qala onlara ibadət edirlər. Onlara "mənim idealımdır" – deyirlər. “İdeal” sözü ingiliscədəki “idol”, yəni büt sözündən gəlir, digər dillərə də bu əsas alınaraq keçib. Adam deyir, “mənim idealımdır”, yəni “mənim bütümdür”. Bəlkə də, bunu nəzərdə tutmur, amma həqiqətən də, istedadlı insanlar cəmiyyət tərəfindən çox şişirdilir. Müxtəlif sahələrdə uğur qazanmış insanlara az qala, səcdə edirlər, hər şeydə ona oxşamağa çalışırlar, onun geyindiyi paltarı geyinməyə çalışırsan, o hansı zəqqumu içirsə, onu içməyə çalışırsan və s. Müəyyən mərhələdən sonra öz şərəfini, azadlığını itirirsən, Heç bir insan bu dərəcədə şişirdilməyə layiq deyil. Sənin özünlə bağlı məsuliyyətin var, şərəfini itirmə. Ancaq insanları əsl şirkə aparan alçaqlar həmin şeyxlərdir. Daha açıq şirki insanlara Allahın dini deyə anladan və satan, bundan mal-mülk qazanan, rütbə əldə edən onladır. Bunlar rabitə (təsəvvüf elmində, Allah, Peyğəmbər və digər övliyalar ilə ruhi əlaqə qurmaq – Ü.M.), şəfaət kimi mövzulardan istifadə edərək özlərinə mürid qazanırlar. Müridin tərifini bilirsən, necə edirlər? Ölünün ölüyuyana təslim olduğu kimi, şeyxə, mürşidə təslim olmaq, heç bir sual verməmək, sadəcə əmrə riayət etmək. Allah adına hər axmaqlığı, cəfəngiyyatı danışarlar və mürid bunlara inanar, daha doğrusu, inanmaq məcburiyyətindədir. Beləcə, beyni çirkləndirirlər. Bunların İslam və imanla heç bir əlaqəsi yoxdur. İman insanları azadlaşdırmaq hadisəsidir. “La ilahə illallah” demək “Allahdan başqa heç bir ilah yoxdur” və həmin şeyxülşeytanlarınız ayağımın altındadır, deməkdir. Bu gün təriqət dediyimiz qurum, əslində, şirkin mərkəzi, "şeytanın at oynatdığı yer"dir. Bunların tutub da futbol oynamağı sevənləri, azarkeşləri şirklə ittiham etməsi gülüncdür. Necə deyərlər: “Qazan, dibin qara, səninki məndən qara”.
– Futbolçular arasında İslam dinini qəbul etməməsinə rəğmən, xeyriyyə işlərinə önəmli yatırımlar edən adlar da var. Məsələn, portuqaliyalı futbolçu Kriştiano Ronaldo fələstinlilərə xitab edən bir çox yardım kampaniyasında yer alıb. Bu qədər yaxşılığın müqabilində onları əbədi olaraq cəhənnəmdə əzab çəkməsi ədalətsizlik deyilmi?
– Birincisi, Allah 40 yaşına qədər insanların araşdırmasına, axtarmasına icazə verib. İkincisi, ən əsas və önəmli şey şirk məsələsidir. Bu gün “Mən müsəlmanam” deyənlərin böyük hissəsi, 99%-i şirk içərisindədir. Yəni, əvvəlcə bunu soruşanlar, özlərini sorğulamalıdır. “Quran”a görə, insanların çoxu iman etməz, iman edənlərin də çoxu şirk qoşar. (Yusif surəsi, 106-cı ayə). İndi də görürsən ki, “müsəlmanam” deyənlərin çoxu Allahı və Quranı yetərli görmür. Allahın ayəsini oxuyursan, o dəqiqə tökülüşürlər ki, filan hədisin, filan fiqh aliminin, filan məzhəb imamının fətvası belədir, filan şeyx belə dedi və s. ”Quran” ayələrinə zərrə qədər hörmətləri yoxdur. Yalan deyirlər, İslama "Quran"+hədis+ mənqibə+məzhəb təlimi deyə bir sürü əlavələr ediblər. Ronaldoya fikir verməkdənsə, əvvəla özlərinə baxsınlar. Adları ərəb adı olanda cənnətə avtomatik giriş haqqı qazandıqlarını düşünürlər. Bu dünyada ən əsas sual: Allah yetərmi, yetməzmi? Digər suallar ikinci plandadır və Allah onları bağışlayar, sadəcə şirki bağışlamaz. Biz buraya bunun üçün göndərildik. Başqa bir aləmdə, kainatda bu sualla bağlı tərəddüd etdik, şeytana uyduq və indi bizə ikinci şans verilib. Yoxsa, insan "Allah+ filankəs" deyə düşünürsə, bu açıq-aşkar şirkdir. Allahın adı təkbaşına zikr olunmalı və “Əşhədü ən la ilahə illallah” deyib, nöqtəni qoymalıyıq. Əgər bir nəfər çıxıb mütləq “İsadan bəhs etməlisən”, haşa, “O Allahın oğludur” desə, bu düzgün deyil. Və ya “Məhəmməd peyğəmbər Allahın sevgilisidir”, “Kainatın əfəndisidir” (Allahın sifətini ona verirlər) demək imtahanı başdan uduzmaqdır. Şiələr məsələni biraz da irəli apararaq ora İmam Əlinin də adını əlavə edirlər. Ronaldo bunları etmirsə, lap Allaha da inanmırsa, bağışlana bilər. Ən azı, o, sıfırdadır, bunlar kimi mənfidə deyil. Allah Ronaldonu bağışlayar, bu din adamlarını, şeyxləri, məzhəb imamlarını, dırnaqarası müsəlmanları, Cübbəli Əhməd kimi şeyxülşeytanları, Ona iftira atanları bağışlamaz. Ancaq hökm günü, hər şey Allahın əlindədir, yeganə hakim odur. Biz sadəcə müəyyən bir mövzuda qaydanı bilərik, amma kimin axırının necə olacağını Allah yaxşı bilir. Ona görə də “filankəs cənnətə, filankəs cəhənnəmə gedəcək” demək əvəzinə, onun dediyi səhvdir, şirkdir söyləməyi daha uyğun görürəm. Həmin şəxs barəsində fikir bildirmək yalnız Allaha məxsusdur.
– Son dövrlər sosial mediada “Messinin adı Quranda keçir” təbliğatı geniş əks-səda doğurub. Ümumi danışsaq, “Quran” ayələrinə bu çərçivədən yanaşmaq nə dərəcədə düzgündür?
– Mən “Quran” üzərində uzun illər tədqiqat aparmış, iki dilə tərcümə etmiş şəxs olaraq, onun qeyb kitabı olduğuna və müdhiş möcüzələr ehtiva etdiyinə 100% əminəm. Ancaq təbii ki, bir şeyi ortaya atanda da diqqətlə baxmaq lazımdır. Ömər Çelakıl adlı bir nəfər bir dəfə cəfəngiyyat dolu kitab yazmışdı, onun üçün məni Türkiyəyə dəvət etmişdilər. Dr. Süleyman Ateş, Boğaziçi Universitetindən bir riyaziyyat professoru və mən ”Ceviz Kabuğu” proqramına çıxmışdıq. Onu da dəvət etmişdilər, əvvəlki proqramda olmasına baxmayaraq, gəlməyə çəkindi, çünki məni tanıyır. Hətta əvvəlcə mənim adımdan istifadə etdi, “Hürriyət” qəzetinə bildirdi ki, guya onu dəstəkləmişəm. Telefonla qatılmaqla kifayətləndi, əgər sözügedən videonu izləsən, onun etdiyinin tamamilə ayələrdən sui-istifadə və nisbi olduğunu görərsən. İndi bu adam “Quran”ın hərflərini incələyir, gözəl qardaşım, “Quran”da 300 mindən çox, ərəb dilində isə 28 hərf var. Əlbəttə, bunu müxtəlif diaqonallar üzrə – sağdan-sola, yuxarıdan-aşağı, küncdən-küncə incələyəndə bir neçə söz əmələ gələ bilər. Belə üsullarla öz adını da, atanın adını da, çayçı Muradın da adını tapa bilərsən. Mən bununla bağlı “Tayyibin T-si, Heliumun H-si” deyə bir məqalə hazırlamışdım, maraqlananlar 19.org saytından oxuya bilərlər. Bu da o cəfəngiyyatlardan biridir, yəni statistik baxımdan hansısa bir dəyərə sahib deyil. “Quran” başda olmaqla, istənilən kitabdan bu cür yollarla istənilən sözü tapa bilərsən. Amma insanlar təəssüf ki, araşdırmırlar, bilgi əsrindəyik, möhtəşəm bilgi resurları var,eyni zamanda insanlar sosial mediada kritik düşünmürlər. Bir yerdə nəsə görəndə düşünmədən üzərinə atılırlar, daha çox, hisslərlə hərəkət etməyə üstünlük verirlər.
– Mərc oyunları ilə bağlı fikirləriniz hansı yerdədir? İstər dini, istərsə də sosial baxımdan yanaşsaq, müsəlmanın mərc oyunlarına pul yatırması düzgündür?
– Mərc oyunları birmənalı olaraq, qumardır. Sərxoş edən şeylər və qumar qadağandır, Allah "bunların bir damlasından da uzaq durun, şeytan əməlidir" – deyir. Allahın bildiyi bir şey var. Əvvəla, başqasının malını zər ataraq, əməksiz bir şəkildə qazanmaq böyük səhvdir. Təəssüf ki, indi cəmiyyət arasında insanların bir-birinin mallarını alıb-yeyirlər. İnsanı tənbəlliyə sövq edir. Bir zər atışı bir illik əməyin boşa gedə bilər. Bir çox ailə buna görə iflas etdi, insanı psixoloji böhrana aparır, qorxunc şəkildə ehtirası artırır, qazansa belə, daha çox qazanmaq istəyir. Mərc oyunları, qumar vasitəsilə qazandıqları insanlara heç vaxt xoşbəxtlik gətirməz və əksər hallarda onu da itirərlər. Sonda isə təşkilatçı, mərc oyun şirkətləri qazanclı çıxır. Bunu dövlət edəndə isə yoxsul insanlar dolaylı yollarla vergiyə bağlanmış olur. Yəni yanlış bir şeydir – istər 1 lirəyə oynamısan, istər 1 milyon lirəyə. Arada məbləğ baxımından uçurum olsa da, prinsip baxımından fərq yoxdur. Bir lirə yatırım etmək normaldırsa, 2,5,10,20 lirə də normaldır. Aradakı fərqi kim təyin edə bilər? Əslinə qalsa, insanları da belə alışdırırlar. Məsələn, sərxoş olub, avtomobil qəzası törədən insanlara nəzər salaq. Onlar “mən sərxoş olub, avtomobilimlə qəza edəcəm” və ya “mən sərxoş olub, arvadımı döyəcəm” – deyərək içməyə başlamırlar ki… Deyirlər ki, “lazımi qədər, bir-iki qurtum içəcəm”. Həmişə belə başlayır. Ona görə də, qumar, alkoqol içkilər kimi, bədən və cəmiyyət üçün yararsız şeylərə yaxın durmamaq lazımdır. Hardasa, bədənə faydaları olsa, deyərəm ki, istər-istəməz qəbul etmək məcburiyyətindəyik. Amma həyatın boyu içki içməsən, qumar oynamasan bədən bunlara qarşı hansısa ehtiyac duymaz.
– Masaüstü oyunlarla bağlı düşüncələriniz necədir?
– Masaüstü oyunlar ifrata qaçmamaq və qarşı tərəf ilə mərc etməmək , başqasının malını,pulunu qeyri-qanuni şəkildə almamaq şərtləri daxilində gözəl bir şeydir. İnsanlar arasında sevgi və sülh yaradır. Təbii ki, əgər düşmənçiliyə səbəb olursa, onda sən axmaqsan, bu, masa oyunu yox, masa rəzaləti olar. Mənim fikrim budur ki, belə şeylərə çox vaxt itirməmək lazımdır. Hərdən dostlarla oynaya bilərsən. Amma baxırsan ki, adam çayxanaya gedir və saatlarla kart oynayır. Bu, artıq vaxt israfıdır. Bir çox kişilərin çayxanada saatlarla, səhərdən-axşamadək vaxt öldürdüyünü görərsən. Rəzalət bir şeydir. Ancaq qərarında, diqqətli bir şəkildə məşğul olsan, ola bilər. Sərxoş da etmir, insan bədəninə elə də çox zərər vermir. Tək zərəri çox vaxt aparması ola bilər. Bundan əlavə, seçimin də düzgün aparılması vacibdir. Masaüstü oyunlar içərisində bəxtə əsaslananlardansa, şahmat kimi zəkanı çalışdıran oyunlar üzərində seçim etmək lazımdır. Mən şəxsən bu tip oyunlara üstünlük verərdim. Hərdən kart da oynamaq olar
(ardı var)
Ürfan Məmmədzadə
