Belə bir məşhur futbol deyimi var: “Bir kişi heç vaxt yanan ağac kötüyünə, axan suya və meydanda qaçan 22 kişiyə baxmaqdan yorulmur”. Buna görə də, hər bir azarkeş həftənin ən azı bir gününü futbola həsr edir. Məşhur ingilis yazıçısı Entoni Berdjes futbol haqqında bunları deyirdi:
“Müqədəss kitabda (İncil) deyildiyi kimi insan həftənin 5 gününü işə, bazar gününü isə Tanrıya ibadətə sərf etməlidi. Belə olduqda, şənbəni bütünlüklə futbola həsr etmək olar”
Yazının ilk hissəsində dediyim kimi, hər həftə həyəcanla oyunlarını gözlədiyimiz futbolçuların həyatı təkcə stadion və topdan ibarət deyil. Top qovan muzdlu işçilərin də maraqlı və qeyri-adi məşğuliyyətləri var. Oxucular yazının ilk hissəsində (oxumaq üçün BURA tıklayın) Kriştiano Ronaldunun oxumağı sevdiyini, Petr Çexin dil öyrənmək və musiqiçi istedadının olduğunu, Manuel Almuniyanın uşaq nağılları yazmağını öyrəndi. Budəfə də xüsusi istedadı və maraqlı hobbisi olan futbolçulardan yazacam
1. Andrey Şevçenko
Ukrayna futbol tarixinin yaddaqalan karyerasını keçirmiş futbolçularından olan Andrey Şevçenko qolf oynamağı çox sevir. Şeva bu idman növünün öhtəsindən elə də pis gəlmir. Hətta, mətbuat nümayəndələri ilə görüşlərinin birində Ukrayna Qolf Federasiyasının baş katibi ulduz futbolçunun ölkədaxili çempionatda iştirak edəcəyini bildirmişdi. Onun çıxışından sonra məlum olmuşdu ki, Şevçenkonun Londondaki evi məşhur qolf ulduzlarının yaşadığı məhəllədə yerləşirdi. O tez-tez dostları ilə oyunlar keçirir və futbolsuz keçən vaxtını belə dəyərləndirirdi.
2. Tomas Rosiçki
Ronaldu və Çexdən sonra siyahının daha bir musiqiçisi “Arsenal”ın futbolçusu Tomas Rosiçkidi. Həmyerlisi Petr Çex kimi o da rok tərzində olan musiqiləri sevir. Tomas elektro gitarada ifa etməyi bacarır. Dostları və komanda yoldaşları ilə bir yerə toplaşanda Rosiçki alır öz gitarasını əlinə və “söz”ünü deyir. Təcrübəli futbolçunun bacarığına baxmaq üçün BURA tıklayın
3. Daniel Aqqer
Danimarkalı müdafiəçi Daniyel Aqqer rəssamdı. Müdafiəçi bədənində olan döymələrini özü çəkir. Bundan başqa “Liverpul”un keçmiş müdafiəçisi bacarığını dostlarının üzərində də sınayır. “Tattoo”larının eskizlərini də özü çəkən təcrübəli stoper hazırda vətənində “Brondbi” klubunun uğurları uğrunda çalışır.
4. Maykl Ouen
Məşhur ingilis futbolçusunun hobbiləri çoxdu. Məsələn, o boş vaxtlarında pazl yığmağı xoşlayır. Amma ən əsas marağı atlaradı. Xüsusən də, yarış atlarına. O yaşadığı evin yaxınlığında 64 hektarlıq ərazidə ferma tikib. Ouen həmin fermada yarış atları saxlayır. Mayklın əfsanə olduğu “Mançester Yunayted”də Ueyn Runi və Sir Aleks Ferqyusson da yarış atlarına xüsusi maraq göstərir.
5. Markus Haneman
Amerika futbol tarixinin uğurlu qapıçılarından olan Markus Hanemanın da hobbiləri çoxdu. O, silahı və güllə atmağı sevir. Bundan başqa Markus toyuq saxlamağı da xoşlayır. Lakin öz həmraklarında fərqli olaraq Haneman bahalı avtomobillər sürmür. Onun şəxsi dayanacağında ancaq sadə avtomobillərdi. Bəzən öz qarajında saatlarla avtomobil təmir edən Haneman, görünür, bu işdən həzz alır.
