“Mənim üçün hər oyun vacibdir” – De Byazi
27.09.2022 , 19:47

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi gələcəkdə Albaniya yığmasına mümkün qayıdışı barədə danışıb.
Korner.az xəbər verir ki, italiyalı mütəxəssis sözügedən ölkənin mətbuatına açıqlamasında həyatda hər şeyin mümkün olduğunu bildirib:
“Hazırda Azərbaycan millisinin sükanı arxasındayam və burada uğur qazanmaq üçün əlimdən gələni edirəm. Albaniya çox sevdiyim ölkədir. Mənim bu ölkə ilə xüsusi bağlarım var. Xalqınızdan özümə qarşı həmişə sevgi və hörmət hiss etmişəm. Hər şey mümkündür”.
66 yaşlı çalışdırıcı UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Slovakiyaya 2:1 hesabı qalib gəldikləri matça da toxunub: “Bu komandanı məğlub etdiyimiz üçün şadam. Onlara qarşı qrupdakı ilk görüşdə 0:1 hesabı ilə uduzmuşduq. Bu, mən və komandam üçün ağır məğlubiyyət idi. Dostlarımla oynayanda belə, qələbəyə sevinən mütəxəssislərdənəm. Yəni, mənim üçün hər oyun vacibdir”.
Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi sentyabrın 30-da başa çatacaq.
