Son illər Azərbaycan futbolundakı “analoqsuz inkişaf” göz qabağındadır. Hətta, inkişaf bizim üçün o qədər səciyyəvi hal alıb ki, artıq bu söz terminə çevriılib. Həmin bu “inkişaf” şərti məfhumdur ha. Qarışdırmayın.
Bu sətirləri oxuyarkən yorulduğunuzu bəribaşdan duyuram. Axı nə qədər eyni şeyləri oxumaq, eşitmək olar?! Bu vəziyyət 1 il öncə də belə idi, indi də.
Nədənsə futbolumuzda yaxşı xəbərin ardından,”müsibətlər silsiləsi” cərəyan edir, sevincimiz boğazımızda qalır.
Cəmi bir həftə əvvəl Avro-2020-nin 4 oyununun ölkəmizdə keçiriləcəyi xəbəri hamımızı yenicə sevincə boğmuşdu ki, “Mil Muğan”ın rəzalətə əl atdığı ortaya çıxdı. Bizim klublar “lipa” məsələsinə öyrəncəklidirlər. Sadəcə olaraq, hər zaman olduğu kimi, bu dəfə də bir “günah keçisi” tapılmalı idi – Mətləb Məmmədov. Məsələdən hali olmayanlar üçün izahat vermək məsuliyyətini öz üzərimə götürürəm. İlk iki turda “Mil Muğan”ın heyətində Fərid İbrahimlinin əvəzinə, klubun digər futbolçusu Orxan Məhərrəmov oynadılmışdı. Əslində, Mətləb Məmmədov bu saxtakarlığın əleyhinə olub. Hər şey isə komandanın prezidenti Mirheydər Seyfiyevin “başının altından çıxıb”. Peşəkarlıqdan uzaq prezident klubu şəxsi intriqalarına qatmaqdan da çəkinməyib. Seyfiyev belə işlərdən yaxşı başı çıxan Namiq Məstanova oyundan qabaq deyib edib ki, “amanın günüdür, həm rahat 3 xal al, həm də mənə kömək elə”. Alan razı, satan razı. Diktor da, oyunun başlarında heyətləri açıqlayarkən məqsədli şəkildə “quşlayıb”. Bəli, məqsədli şəkildə. Birinin futbol karyerasına zərbə vurmağa yönəlmiş məqsəd. Cənab Seyfiyev komandaya İmişlidən olan məşqçinin rəhbərlik etməsini istəyir deyə. Görülən işə yox, işi görənin nəsil-nəcabətinə qiymət verən millətik axı.
Mirheydər bəy bu hadisədən sonra məbuata açıqlamasında belə demişdi. “Məşqçilər belə bir nöqsana yol veriblər. Cəzası da nədirsə, onu da verəcəklər. Verilən cəzanı düzgün hesab edəcəm. Məqşçilərlə bağlı hər hansı addımın atılıb-atılmayacağını isə sabah İntizam Komitəsinin qəbul etdiyi qərarlardan sonra biləcəyik. PFL prezidenti Ramin Musayev bildirib ki, klubu ən ağır cəza gözləyir”. Pah atonnan, necə yəni bütün günah məşqçilər korpusundadır? Belə şey olar? Prezident olduğun klubda bu boyda hadisə baş verib və sənin heç nədən xəbərin olmayıb?! Məşqçilər korpusu heç kimə xəbər vermədən belə bir iş qol qoyarmı? Ya “Mil Muğan”da heç kim prezidenti saymır və belə şeylər haqqında ona məlumat verməyə ehtiyac duymur, ya da Seyfiyev ictimaiyyətə yalan sırıyır. Amma ikincisi daha real görünür. Problem yoxdur, biz buna da öyrəncəliyik…
Ürfan Məmmədzadə
