Azərbaycan milli komandasının və Türkiyənin “Sivasspor” klubunun hücumçusu Cihan Özkara Almaniya mətbuatına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Cihan, bildiyimiz qədər sənin üçlü vətəndaşlığın var. Bu necə baş verdi?
– Mənim üç yox, ikili vətəndaşlığım var. Azərbaycan və Türkiyə. Əslində mən Almaniya və Türkiyənin gənclərdən ibarət millisinə namizəd idim. Lakin o zamanlar çıxış etdiyim “Rot Weiss Ahlen” (Almaniyanın II Bundesliqa klubu) klubu məni buraxmadı. Çünki həmin vaxt aşağı liqaya düşməmək uğrunda gərgin mübarizə gedirdi. Almaniya millisində oynamadığım üçün alman vətəndaşlığı ala bilmədim.
– Sonda sən Azərbaycan vətəndaşlığını qəbul etdin. Bu seçimi nə ilə izah edərdin?
– Bu asan olmadı. Qərarımı ailəmlə birgə verdim. Azərbaycan millisinin baş məşqçisi Berti Foqts məni AFFA ilə görüşdürdü. Bu ölkənin 21 yaşlılardan ibarət millisinin baş məşqçisi Bernhard Lippert Avropa çempionatının seçmə mərhələsi üçün mənə zəng elədi. Mən də geri qayıtmadım və Azərbaycan millisində oynamağı qərara aldım.
– Berti Foqts hələ də Azərbaycan millisini çalışdırır. Onunla işləmək necədir?
– Foqts çox yaxşı məşqçi və əla insandır. Ondan öyrənəcəyim çox şey var. Həmçinin Foqtsun köməkçisi Uli Ştayn da yaxşı insandır. Azərbaycan millisində heç bir problemim yoxdur. Bundan sonra da Azərbaycan millisinin uğuru üçün əlimdən gələni edəcəyəm və səbirsizliklə yığmaya dəvət almağımı gözləyirəm. Bir müddət öncə Qətərdə təlim-məşq toplanışı keçdik. Lakin təəssüf ki, zədə səbəbindən həmin hazırlıq prosesində iştirak edə bilmədim və üstəlik “DÇ-2014″ün seçmə mərhələsi çərçivəsində Bakıdakı Lüksemburqla oyunu da buraxmalı oldum.
– Azərbaycan millisi seçmə mərhələdə Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburqla bir qrupda mübarizə aparır. Gənc oyunçu kimi ilk dəfə idi ki, belə təcrübə yaşayırdın?
– Biz seçmə mərhələyə İsraillə 1:1-lik heç-heçə ilə başladıq. Bu oyun mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki bu matçın nəticəsini qələbə olaraq proqnoz vermişdim. Azərbaycan millisi hər oyunda yaxşı mübarizə aparması ilə tanınır. Lakin çox təəssüf ki, Rusiya ilə matçın 89-cu dəqiqəsində qapımızda top gördük. Buna çox üzülmüşdük.
– Azərbaycanın Portuqaliya ilə səfər görüşü də təxminən buna bənzər idi. 65-ci dəqiqəyə qədər müdafiə olundunuz, lakin sonda portuqallar 3 cavabsız qol vurdular. Ümumilikdə Portuqaliyaya və Kriştiano Ronaldoya qarşı oynamaq necə hiss idi?
– Ronaldoya qarşı oynamaq inanılmaz hissdir. Çünki onu meydanın hər yerində görmək mümkündür. Matçın 65-ci dəqiqəsinə qədər dözsək də, sonda 0:3 hesabı ilə uduzduq. Bununla belə, bu oyun bizim üçün yaxşı təcrübə oldu.