Milan "İnter"inin baş məşqçisi Andrea Stramaççoni A seriyasının XI turu çərçivəsində "Yuventus"la səfərdə keçirilən oyundan sonra onu aşağılayan Turin klubunun baş direktoruna kinayəli mesaj göndərib.
Korner.az-ın məlumatına görə, Stramaççoni danışmaq üçün əsl məqamın indi gəldiyini deyib.
"Məni "Yuventus"un baş direktoru Beppe Marottanın kinayəsi qıcıqlandırmışdı. O deyirdi ki, Stramaççoni ağılsızdı. İstəyirsə, gəlsin, indi danışaq bu haqda", – deyə gənc çalışdırıcı bildirib.
Stramaççoni indiyədək "Yuventus"u bu qədər pis durumda görmədiyini də vurğulayıb: "Birinci hissənin axırlarına yaxın əmin oldum ki, biz bu oyunu udacağıq. "İnter"in gücü konkret epizodlarda ortaya çıxırdı. Biz böyüməyə davam edirik".
Xatırladaq ki, Turində keçirilən görüş "İnter"in 3:1 hesablı qələbəsi ilə bitib.
