Keçən həftə U-19 liqasının ikinci turunda “Dalğa arena”da Bakı “İnter”ini qonaq edən “Neftçi”nin rəqib qapısına altı cavabsız top vurmasından sonra uduzan komandanın baş məşqçisi Xəqani Məmmədovun məşqçi kimi özünün futbol anlayışını təftiş edəcəyini fikirləşirdim. Amma o da günahı boynundan atıb, soyunma otağında futbolçularına “şərəfsizlər” kimi nalayiq sözlər deməklə özünə bəraət qazanmağa çalışıb.
O oyuna mən baxırdım, Xəqani Məmmədovun ən çox danladığı futbolçular olmasaydı, hesab biabırçı həddə çatardı, hətta 0:10 ola bilərdi, çünki məşqçi “itin qabağına ot, atın qabağına ət qoymuşdu”, taktiki düzülüşü, oyunçu seçimi tamamən yanlış idi. Təbii, futbolda belə şeylər olur, məşqçilər məhz uduza-uduza təcrübə qazanır, futbolçuları təhqir edə-edə yox. “Neftçi” ilə oyunda birinci hissədən sonra hesabda 0:1 geridə ikən sən komandanın yeganə nominal mərkəz müdafiəçisini heç bir səbəb olmadan dəyiş, müdafiə xəttini hücumçu və yarımmüdafiəçilərdən qur, beş cavabsız top burax, sonra da gəl, 17-18 yaşlı futbolçulara “şərəfsizlər” de. Bu azmış kimi, ertəsi gün əvəzedici heyətin baş məşqçisinə – qardaşın Füzuli Məmmədova futbolçulardan şikayət et, o da futbolçuların maaşını kəssin və onlara məşqdə əziyyət etsin. Siz qardaşların futbola baxışı bütün futbol ictimaiyyətinə bəllidir, bəs həyata baxışınız?
Azərbaycanda istər milli komandalar, istər Premyer Liqa, istərsə də uşaq futbolunda böyük hesabla uduzmayan bir futbolçu varmı? Onların hamısı şərəfsizdimi? Maraqlıdır, böyük hesabla uduzmaq şərəfsizlikdirsə, görəsən siz Xəqani Məmmədov, 2006-2007-cı illər mövsümündə “Karvan”ın heyətində “Standard”a 0:6 hesabı ilə uduzanda da özünü şərəfsiz bilmişdiz? Uduzana şərəfsiz deməzlər. Futbolda şərəfsizliyin başqa meyarları var və bu, tam başqa bir yazının mövzusudur.
Ədalət Mədədoğlu
