“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun “Düdelanj” klubu ilə qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, Lüksemburq mətbuatı Ağdam klubu haqda yazı hazırlayıb.
"Düdelanj” üçün Qafqazda təhlükə" başlıqlı yazını olduğu kimi təqdim edirik:
"Düdelanj” Çempionlar Liqasında çətin bir rəqiblə qarşılaşacaq. Üç qat Azərbaycan çempionu ilə oyun üçün komandamız uzun bir yola çıxacaq.
Dağlıq Qarabağ müharibəsinə kimi Ağdamda məskunlaşan komanda ermənilər tərəfindən torpaqları işğal edilən zaman doğma şəhərlərini tərk etmək məcburiyyətində qalıb.
"Qarabağ" 1993-cü ildə Bakıya köçüb. Bir müddət sonra kluba yaxşı sərmayə ayrılıb. 2008-ci ildə keçmiş Azərbaycan millisinin üzvü Qurban Qurbanov komandaya baş məşqçi gətirilib. Komanda onunla iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Klubda eyni zamanda "Qarabağ"ın uğurlarında böyük pay sahibi olan Ruben Selles kimi ispaniyalı mütəxəssis çalışır.
Komandanın kapitanı Rəşad Sadıqov Azərbaycanın ən yaxşı futbolçularındandır. Müdafiəçi eyni zamanda Azərbaycan millisinin də üzvüdür. "Qarabağ"ın çox güclü legionerləri var. Makedoniyalı Muarem Muarem, Bosniya və Hersoqovina millisinin üzvü İbrahim Şehiç, ispaniyalı Migel, "Anderlext"də oynamış Reynaldo və onun həmvətəni Riçard Almeyda klubun ən təhlükəli futbolçularıdır.
"Avro-2016"da Albaniya millisinin heyətində oynayan Ansi Aqolli də "Qarabağ"ın əsas futbolçularındandır.
