Bu gün XXX London Yay Olimpiadasında Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy – Maksim Prokopenko dueti ilk yarışlarını keçiriblər.
Korner.az-ın məlumatına görə, idmançılarımız 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə qüvvələrini sınayıblar.
Məsafəni 3:38.042-yə qət edən kanoeçilərimiz birbaşa finala vəsiqəni birinciyeri tutmaqla qazanıb.
Təmsilçilərimizin rəqibləri isə Nelson Henrikes – Fortunato Pakavira (Anqola), Sergey Torres – Xose Karlos Bulnes (Kuba), Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus)
və Erlon Silva – Ronilson Oliveyra (Braziliya) cütlükləri olub.
İdmançılarımızın ən yaxın rəqibi braziliyalı kaoeçilər olub ki, bizim cütlük onları 3 saniyə qabaqlayıb. Bu 2 cütlüklə yanaşı birinci qrupda ilk 2 yeri tutanlar da avqustun 9-da keçiriləcək həlledici mərhələdə yerini təmin edib. Həmin 2 yerə Peter Kreçmer – Kurt Kuçela (Almaniya) və Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya) duetləri layiq görülüblər. I qrupda cütlüklərin göstərdikləri nəticə həmyerlilərimizdən daha yaxşı olub: müvafiq olaraq, 3:34.435 və 3:37.568..
Qeyd edək ki, Azərbaycan bu idman növündə olimpiada tarixində ilk dəfə təmsil olunacaq.
