Futbol

Lissabon, yoxsa Bakı? Əlbəttə, Lissabon!

23.09.2018 , 18:26

Lissabon, yoxsa Bakı? Əlbəttə, Lissabon! Bakının Lissabona çatması üçün illər də yox, əsrlər lazımdı.

Hər iki şəhərin futboldan kənar qısa müqayisəsini BURADAN oxuya bilərsiniz. Futbol müqayisəsinə gəlincə, vəziyyət daha çox uçurum yaradır. Futbol tarixi ilə zəngin olan və keçmişdən qalan ənənəni indi də layiqincə davam etdirən şəhərlə Bakını müqayisə edəcəyik. Ölkəsinin çempionatında cəmi 8 komandanın olduğu və onların 5-nə sahiblənən Bakı. Əslində, paytaxtımızda daha çox futbol ab-havası, azarkeşləri olmalıdır. Təəssüf ki, bu yazıda da pessimist notlar olacaq. Müqayisəni Bakının rəqibinə nisbətən bacardığı və bacarmadığı məsələlərlə quraq.

Bacarırıq: Azarkeşlərə əziyyət verməyi
Bacarmırıq: Futbolu onlara sevdirməyi

Azərbaycanın ən böyük stadionu olan Bakı Olimpiya Stadionunun yaratdığı mif: böyük stadionlar şəhərdən uzaq olmalıdır: izdihamın qarşısını alır. İnsanlar 10-15 dəqiqə piyada yol qət etməlidir. Lissabonda iki böyük stadion var: “Sportinq”ə məxsus olan “Estadio Joze Alvalade” və “Benfika”nın ev oyunlarını keçirdiyi “Estadiu Da Luj”. Hər iki stadion şəhərin işlək hissəsinə çox yaxındır, insanlar qısa zamanda tribunalara yerləşə və oranı tərk edə bilirlər. “Benfika”nın stadionu şəhərin ən böyük alış-verişi mərkəzi “Colombo Centre” və “Luz” metrostansiyası ilə cəmi 50-100 metrlik məsafədədir. Matç zamanı stadionun hər tərəfindən azarkeşlər meydana rahat daxil ola bilir. Amma bizim BOS-un qorxduğu xaos, izdiham Lissabonda heç şəhərin normal nəqliyyatına da mane olmur.

Bacarırıq: Azarkeşləri ölkə futboluna düşmən etməyi
Bacarmırıq: Rəngləri birbirinə düşmən etməyi

Lissabonda müharibə var. Soyuq müharibə. Amma bu müharibə insanlar arasında deyil, rənglər arasındadır. Qırmızı və yaşıl rəngləri birlikdə nadir hallarda görmək olur. “Benfika”lıların həyatında yaşıl, “Sportinq”lilərin isə qırmızı rəngli heç bir aksessuarı, geyimi və s. ola bilməz. Stadionlar belə bütünlükdə bir rəngdə olur. Lissabonda “Benfika”nın matçı olan zamanı şəhər tamamilə qırmızıya boyanır. Yaşlı, uşaq, qadın, komandasını sevən hər kəs həmin gün sadəcə bir rəngə bağlı olur. “Sportinq”in matçı olan günlərdə isə şəhər tam olaraq yaşıl olmur. Bəli, olmur! Yalnız müəyyən yerlərdə yaşıl rənglərə rast gəlmək olar. Çünki Lissabon camaatı daha çox “Benfika”nı sevir. Onlar “Sportinq”i varlıların sığınacağı, “Benfika”nı kasıbların ümid yeri olduğunu hesab edir. Bakıda necədir? Məncə, məsələ məlumdur. Sadəcə rəngləri deyə bilərik: 8 komandadan 5-inin rəngləri eynidir. Əlbəttə, həm bir rəngin tonları, həm də bir atanın övladları düşmən ola bilməz.

Bacarırıq: Stadionları festival və konsertlər üçün icarəyə verməyi
Bacarmırıq: Boş stadiondan pul qazanmağı

“Sportinq” və “Benfika” klubunun stadionları arı festivalı və ya ölkənin məşhur pop ulduzunun konsert meydanına çevrilmir. Onlarda ayda bir dəfə ot örtüyü dəyişdirilmir, təmirə bağlanmır. Oyun olmayan zamanda belə pul qazanırlar. Necə? Klub tarixini göstərən muzeylərə turistləri qonaq etməklə. “Sportinq” ölkə miqyasında qazandığı ən kiçik uğuru belə böyük şərəflə təqdim edir. “Benfika” isə illər öncə qazandığı nailiyyətlərin heç kimin gözündən qaçmasını istəmir. Bəli, peşəkar futbol komandası sponsor, bilet və forma satışından başqa muzeylərindən də pul qazanır.

Pessimist notları həqiqətən xoş təsir bağışlayan bir məqamla yekunlaşdırmaq istəyirəm. Bu yazının yaranmasında bir başa əməyi olan “Qarabağ” futbol klubuna və jurnalistlərin Lissabonda rahatlıqla müşahidə aparmağında yarımçı olan klubun mətbuat katibi Nurlan İbrahimov və onun köməkçisi Yusif Hüseynə layiq olduğu sözü deməliyik: “Obrigado a todos!”

Məmmədov İlkin, Bakı-Lissabon-Bakı

 

 

Son yazılar

Yuxarı