Layihə

LAYİHƏ: Yaxını seçib uzaqlara gedən braziliyalı Bakıya necə alışıb? – VİDEO

10.05.2017 , 07:06

Korner.az və Sportfm.az saytlarının "Futzal: mövcud durum və perspektiv üfüqləri" layihəsi çərçivəsində ikinci yazısı   
 
Bakıdan 12000 min kilometr uzaqlıqda Braziliyanın ikinci ən böyük şəhəri Rio-de-Janeyronun küçələrində topun sehrinə tutulan uşaqların sayı-hesabı yoxdur. Asfalt üzərində, dar küçələrdə, darısqal məhəllələrdə yumru olan hər şeyi ortaya atıb dalınca qaçan yeniyetmələrin bir çoxu gələcəkdə ulduz futbolçu olmaq arzusu ilə yaşayır. Onlardan bəziləri gənc yaşlarına çatmadan cinayətkar dəstələrin üzvlərinə çevrilir, bir qismi başqa sahələrə üz tutur, müəyyən faizi  ağır həyat şərtlərinə dözməyərək ölkəni tərk edir, ancaq çox cüzi sayda, istedadı, istəyi, dözümü olanlar yoluna davam edir. 9 yaşlı Dos Santos həmin "seçillənlər”dən biri olmağı bacardı. 2 ilə yaxın küçələrdə top qovan Nelson Maşado 11 yaşında atası ilə onların evlərinə yaxın olan ştatın ən əsas futbol turniri hesab olunan Karioka Liqasının yaradıcılarından, 1904-cü ildən fəaliyyət göstərən, ölkənin ən "yaşlı” klublarından biri olan "Amerika”nın yolunu tutdu. Bir müddət "qırmızı-ağlar”ın kiçikyaşlı uşaqları arasında məşq edən Dos Santos istedadı ilə yerli məşqçilərin rəğbətini qazandı. Kluba ayaq basdıqdan cəmi iki ay sonra cılız futbolçu ilə müqavilə imzalandı. Damarlarında holland qanı axan yeniyetmə kluba gəldikdən sonra tezliklə adından söz etdirməyi bacardı. Artıq 13 yaşında "Amerika”nın 15 yaşlılardan ibarət komandasında çıxış edən bu sürətli və texnikalı gənci əsas komandanın məşqçilər korpusu da diqqətdə saxlayırdı. Sonralar braziliyalı futbolçuların böyük əksəriyyəti kimi yeni ləqəb götürən Biro Jadenin özünü dinləyək:
”Yaxşı xatırlayaram, saatlarla yorulmaq bilmədən topun dalınca qaşırdıq, Rioda bir çox klub var. "Amerika” bizim yaşadığımız əraziyə yaxın olduğu üçün oraya yollandıq. Futbolu çox sevirdim, atam mənim istedadlı olduğumu söyləyirdi. Bu doğurdan belə imiş(gülür). Xeyli vaxt klubun aşağı yaş qruplarında çıxış etdim. Braziliyada istedadı olmayan futbolçunun önə çıxması mümkün deyil, güclü rəqabət var, hər kəs futbolu "çıxış yolu” kimi görür.  Təsəvvür edirsiniz "Amerika”nın Rio ştatının müxtəlif yerlərində 10-a yaxın filialı fəaliyyət göstərir. Orada seçilən uşaqları əsas komandanın məşq bazasına gətirirlər. Onların içərisindən isə yalnız ən yaxşılar əsas komandanın yolunu tutur. Bu sistem uzun illərdir qurulub və gözəl effekt verir”. 
 
Futboldan futzala məcburi keçid…
 
Bəs, necə oldu ki, futbolda istedadı ilə "göz qamaşdıran” Biro Brazliyada salon futbolu, dünyada isə futzal kimi məşhur olan idman növünü seçdi? Braziliyalı mütəxəssis futzala keçidini baxın necə izah etdi:
"Mən hər dəfə məşqdən çıxdıqda evə yollanmaq əvəzinə yaxınlıqda olan idman zalına gedirdim. Orada futzalla məşğul olurdum, bu idman növü çox xoşuma gəlirdi. Tez düşünmək, tez qərar vermək, cəld tərpənmək, durmadan yerini dəyişmək kimi bacarıqları məhz orada öyrəndim. Biz idman zalında oynayan zaman tez-tez Rionun tanınmış seleksionerləri ora gəlirdi, qeydlər aparırdı. Bir dəfə yenə məşqdən çıxıb futzal oynamağa getmişdim, matç bitəndən sonra əlində kiçik dəftərçə olan bir şəxs mənə yaxınlaşdı, özünü təqdim etdi və məndən özümü futzal komandasında sınamaq istəmədiyimi soruşdu. Mən ona "Amerika” klubunun üzvü olduğumu söylədim. O əlində tutduğu dəftərçəyə adımı soruşaraq qeydlər etdi və oradan uzaqlaşdı.  O getdikdən sonra xeyli fikirləşdim, düşündüm ki, bəlkə özümü sınayım. 19 yaşım olanda klubla peşəkar müqavilə imzalamaq üçün məni "Amerika”nın ofisinə dəvət etdilər.
Menecerimlə ora yollandım, müqaviləni qarşıma qoyduqda isə çox aşağı bir məbləğə qol çəkməli olduğumu gördüm. Təbii ki, belə vəziyyət məni qane edə bilməzdi. Klub rəsmilərindən düşünmək üçün vaxt istədim. "Amerika”nın mənimlə peşəkar müqavilə imzalamaq istəyini eşidən futzal komandası həmin ərəfədə məni yenidən öz heyətinə qatılmağa dəvət etdi, onların şərtləri daha cəlbedici idi. Və mən Rio meriyasının futzal klubu ilə müqavilə bağlayaraq, böyük futbola "əlvida” dedim. Bundan sonra əsl futzal həyatı ilə yaşamağa başladım. Turnirlər, oyunlar, təlim-məşq toplanışları bir-birini əvəz etdi. Braziliyada futzal üzrə şəhər, ştat, ölkə çempionatları keçirilir, ilboyu boş vaxtın olmur. Orada futzal üzrə Super Liqaya yüksəlmək çox çətindir. Adi şəhər birinciliyində çox hazırlıqlı kollektivlər mübarizə aparır, seleksiya işləri ən kiçik klubda belə mükəmməl qurulub. Hətta mən orada oynadığım dönəmdə bizim klubda çıxış edən futzalçı Super Liqa komandasına rekord məbləğdə transfer olundu. Bu yeganə belə hadisə deyildi. Avropa ölkələrində çoxlu sayda braziliyalı futzalçı var. Ora əsl "fabrika”dır(gülür)”.
 
"Bakıya çox alışmışam”
 
Uzun müddət salon futbolunda "sözünü deyən” Biro Jade ölkəsini tərk edərək, xaricdə qüvvəsini sınamaq qərarına gəlir. 2004-cü ildə Rusiyaya yollanan futzalçı həmin günləri belə xatırlayır:” Soyuq idi, çox soyuq idi(gülür). Qızmar Braziliya günəşindən belə iqlimə düşəndə özümü itirdim. Yaxşı ki, futbolu atmışdım, futzal zalda oynanılır, yoxsa donardım. "Spartak” Moskvada karyeram uğurlu alındı, sonra digər soyuq ölkə olan Qazaxıstana yollandım. Sevinirəm axırda gəlib Azərbaycanda qərarlaşdım. Bura artıq mənim ikinci vətənimdir, insanlarınız bizim insanlara çox oxşayır. Özümü burada evimdə hiss edirəm. Bakıya çox alışmışam. Artıq uzun illərdir Azərbaycanda yaşayıram. Düzdür, bəzən Braziliya üçün darıxdığım olur, onda internet vasitəsilə yaxınlarımla əlaqə saxlayıram. Mən Azərbaycan yığmasında çıxış edən həmyerlilərimə həmişə deyirəm ki, bura bizim evmizdir, Azərbaycan bayrağı üçün canımızı qoymalıyıq, axı bu ölkə bizə qucaq açıb, bizlərə inanıb. Azərbaycanda futzalın çox populyar olduğunu bilirəm, mən "Araz”da çıxış etdiyim dönəmdə güclü rəqabət vardı. Burada çox istedadlı futzalçılar var. Onlar öz üzərlərində çox çalışmalıdır. Daxili çempionatla beynəlxalq arenada keçirilən oyunları müqayisə etmək olmaz. Artıq Avropada futzal inkişaf edir, 5 il əvvəlki dönəmlə indiki zaman çox fərqlidir. Futzal yerində dayanmır. Siz təsəvvür edirsiniz ki, biz bir müddət öncə rahat şəkildə məğlub etdiyimiz Şərqi Avropa yığmalarını indi çətinliklə məğlub edirik, elədə digər favoritlər, onlarda çətinliklərlə üzləşirlər. Bakıda təşkil olunan seçmə mərhələnin matçlarında hamı bunun şahidi oldu. Zəif hesab etdiyimiz Albaniya bizə çətin anlar yaşatdı. Eləcə də digər yığmalar”. 
 
"Meydandan kənarda da elədir”
 
Yığmamızın qapıçısı Rövşən Hüseynlinin də Biro ilə bağlı deyəcəkləri var:”Biz ona həm baş məşqçi, həm də bir insan kimi hörmət edirik. Oynadığı dönəmlərdə meydanda necə lider idisə, meydandan kənarda da elədir. Oyun zamanı hər bir xırda səhvi bizlərə təmkinlə başa salır, vacib görüşlərə psixoloji olaraq yaxşı hazırlaşmağımız üçün əlindən gələni edir. Bizim yerli futzalçılar istedadlıdır, sadəcə bir az daha artıq çalışmaq, səbr etmək çox vacibdir.
Hər kəs öz vaxtının gələcəyini gözləməlidir. Biro bizlərə bunları öyrədir, Braziliyada futzal həddindən artıq inkişaf edib, orada bu idman çövünü çox sevirlər. Bizim futzalçılar da texnikalıdır, sadəcə daim səylə öz üzərində işləmək lazımdır. Çempionatımızda əvvəlki rəqabət olsa, lay yaxşı olardı. Biz futzalçılar inkişaf edərdik. Komandalara da bu inkişaf baxımından çox təsir edərdi”. Aşağıdakı linkdə layihə çərçivəsində efirə gedən xüsusi verilişi izləyə bilərsiniz. 
Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
 

Son yazılar

Yuxarı