Layihə

LAYİHƏ: “Xəzər Adaları”: inkişaf, yoxsa zərbə?

30.06.2017 , 08:17

Korner.az və Sportfm.az saytlarının “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində on ikinci yazısı
 
Azərbaycanın futbol qəbristanlığında çox klubların adı var. Sovetlər dönəmində fəaliyyət göstərən, sonradan yaradılan, iş adamlarının həvəslənib təsis etdiyi bir çox komanda indi yoxdur. Təəssüflər olsun ki, bu acı reallıq futzalımızdan da yan keçməyib. 90-cı illərdə fəaliyyət göstərən xeyli sayda futzal komandası sonradan tarixin yaddaşına köçdü. 2000-ci illərdə ölkə futzalında söz sahibi olan bir çox klub dağıldı. Bu yazıda, futzalımızda xüsusi çəkiyə sahib olan, qısa müddət ərzində iki dəfə qızıl medalları qazanan(Birinci Liqa və Yüksək Liqada –red.) “Xəzər Adaları” futzal klubundan bəhs edəcəyik.

 
100 milyard dollarlıq layihənin reklamı üçün yaradılan klub
2011-ci ilin mart ayında “Avesta” konserninin prezidenti, məşhur iş adamı Hacı İbrahim Nehrəmli Xəzər dənizində çoxfunksiyalı, dünyada analoqu olmayan 100 milyard dollarlıq “Khazar Islands” (“Xəzər adaları”) layihəsinin tikintisinə başladı. 1 milyon nəfərin yaşaması üçün nəzərdə tutulan şəhərin tikililərinin 9.0 ballıq zəlzələyə davam gətirəcəyini bəyan edən Nehrəmlinin layihəsi 2025-ci ildə başa çatacaqdı. Ancaq olmadı, Xəzər dənizinin fantastik mirvarisinin tikintisi yarımçıq dayandırıldı. 2013-cü ildə dünyanın ən meqa layihələrindən biri olan “Xəzər Adaları”nın tikintisi davam edərkən, İbrahim Nehrəmli eyniadlı futzal klubunun yaradılması üçün göstəriş verdi. İş adamının fikrincə, yeni yaradılan komanda onlara reklam üçün lazım idi. 2013-cü ilin oktyabr ayında adalarda inşa edilmiş idman kompleksi və stadionun açılışı oldu. Futzal klubunun yaranmasında icraçı direktor Fuad Qəmbərov və yığmamızın sabiq üzvü, komandanın baş məşqçisi Elnur Qəmbərovun əməyi isə danılmazdı. Onlar İbrahim Nehrəmlini iddialı klub təsis etməyə razı sala bilmişdi. Bununla da, Azərbaycan futzalında yeni, “Xəzər Adaları” adı altında komanda fəaliyyətə başladı.
 
Bir milyonluq büdcə və ardıcıl iki qızıl medal 
Klubun baş məşqçisi Elnur Qəmbərov ilk mövsümdə 1-ci liqada mübarizə aparmağı uyğun gördü. İş adamı klubun heyətini formalaşdırmaq üçün xeyli maliyyə vəsaiti ayırdı. Komandanın ilk legioner transferi iranlı futzalçılar oldu. Heyətini üzdə olan yerli futzalçılarla gücləndirən “Xəzər Adaları” 2013/14-ci il mövsümündə rəqiblərini böyük fərqlə qabaqlayaraq 1-ci liqanın qızıl medallarını qazandı. Mövsümün sonuna 2 tur qalmış çempionluğu özləri üçün təmin edən klub 30 tur ərzində 28 qələbə və 2 heç-heçə ilə çempionatı 86 xalla başa çatdırdı. Yarışda 2-ci və 3-cü pillələri, müvafiq olaraq, NTD və “Çevik” komandaları tutdu.Bu qələbədən ruhlanan İbrahim Nebrəmli 2 futzal meydançasının tikintisinə start verdi və daha 6-7 zalın inşa ediləcəyini açıqladı. Artıq iddialar böyümüşdü, İbrahim Nehrəmli klubun transfer siyasətini dəyişərək, uzaq Braziliyaya üz tutdu. Baş məşqçiyə səviyyəli legionerlərin alınması üçün böyük büdcə ayrıldı. Futzal üzrə yığma komandamızın şərəfini qoruyan bir çox futzalçının adı “Xəzər Adaları” ilə yanaşı hallanmağa başladı. “Araz”ın son illər asanlıqla çempion olmasının qarşısını almaq, Azərbaycan futzalının inkişafına təkan vermək üçün ortaya ciddi layihələr qoyuldu. Futzal veteranımız Ağatahir Əzimov komandanın məşqçisi təyin edildi. Orxan Hüseynovun rəhbəri olduğu Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti fəaliyyətə başladı. Futzal klublarımızdan ilk dəfə “Xəzər Adaları” yeni üzvlərinin təqdimat mərasimini keçirdi. Tezliklə, Karlos Anos Rodrigez, Lolo Xarken, Çiko Paulista və Felipe Ribeyro kimi məşhur ispaniyalı və braziliyalı oyunçular “Xəzər Adaları”na transfer olundu.
“Araz”ın üzvləri Amadeu və Edu Elnur Qəmbərovun rəhbərliyi altında çıxış etməyə başladı. Sonralar yığmamıza cəlb olunan Fineo Brazliyadan Azərbaycana köçdü. Klub rəsmiləri bütün transferlərə bir milyon avro xərcləndiyini açıqladı. Bu rəqəm nəinki ölkə futzalı tarixində, hətta daha böyük pulların “döndüyü” futbolumuz üçün sensasion rəqəm sayılırdı. Mövsümün son turunda çempionluğu təmin etmiş “Xəzər Adaları”  “Qarabağ veteranları”nı 12:1 hesabıyla məğlub etdi. Qarşılaşmadan sonra qaliblərin mükafatlandırılması mərasimi təşkil olundu. Tədbirdə futzal federasiyasının prezidenti Zaur Axundovla yanaşı, “Xəzər adaları”nın sahibi Hacı İbrahim Nehrəmli iştirak etdi. “Xəzər adaları”nın çalışdırıcısı Elnur Qəmbərov, mövsümün ən yaxşı məşqçisi ünvanını qazandı. Mövsümün bombardiri, komandanın üzvü Sezar xüsusi mükafata layiq görüldü. “Xəzər Adaları”nın çempionluğunun şərəfinə verilən ziyafətdə “Qarabağ”a yeni transfer olunan Dani Kintana belə iştirak edirdi.
Futzal üzrə ölkə kuboku yarışlarında 1/2 finalda “Neftçi”yə məğlub olaraq, mübarizəni dayandıran və öz idman zalını inşa etməyə başlayan klubda, uşaq-futzal akademiyasının yaradılacağı elan edildi. Klubun icraçı direktoru Fuad Qəmbərov gələcəkdə futbol klubunun yaradılması variantının olduğunu bildirdi. İş adamının planlarına əsasən, 2016-cı ildə “Khazar Islands” adı altında futbol komandası yaradılacaqdı. Həmin vaxta kimi, “Xəzər adaları”nda standartlara cavab verən stadion da inşa etmək planlaşdırılırdı. 
UEFA Kubokunu Bakıya gətirmək istəyinin əvəzinə…
Futzal komandasına böyük pullar xərcləyən İbrahim Nehrəmli bununla dayanmaq fikrində deyildi. Klubun büdcəsini bir milyon avroya çatdıran iş adamı, çempion olduqdan sonra Avropada Azərbaycanı layiqincə təmsil etmək istədiklərini və UEFA Kubokunun Bakıya gətirmək istədiyini söyləyirdi. Qazaxıstanın dəyişməz çempionu “Kayrat”ın dəvəti ilə bu ölkəyə yollanan və orada iki yoxlama görüşündə qüvvəsini sınayan klubun dağıldığı açıqlandı. Ölkə xaricində təhsil alan böyük oğlunun idman sahəsində çalışmasını istəyən İbrahim Nehrəmlinin bütün planları “suya düşdü”. Avropaya vəsiqə qazanan “Xəzər Adaları”na qitənin idman zallarında oynamaq nəsib olmadı.  2015-ci ilin 23 may tarixində Filippinə işgüzar səfərə yollanan klub prezidenti hava limanında saxlanıldı.
Bir müddət sonra isə komandanın rəsmi sponsoru olan “Avesta” konserni “Xəzər Adaları” futzal klubunun fəaliyyətini dayandırdığını açıqladı. Bununla da, Azərbaycan UEFA Kubokunda komanda ilə təmsil olunmadı, həmin mövsüm 2-ci sıranı tutan “Fənər”in imtinası və “Araz”ın qitənin ali futbol qurumu tərəfindən yarışlara buraxılmaması nəticəsində, komandalarımızın ardıcıl iki mövsüm avrokuboklarda iştirakına qadağa qoyuldu. “Xəzər Adaları”nın futzalımıza vurduğu zərbə bununla bitmədi, belə ki, reqlamentə əsasən, cəza müddəti bitdikdən sonra, ölkə çempionu olan “Araz” UEFA Kubokunda mübarizəyə ilkin təsnifat mərhələsindən başlamalı oldu. Uzun müddət klubun işçilərinə və üzvlərinə borclu qalan biznesmen, yalnız 2017-ci ildə bütün borclarını ödəyə bildi. 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı