Layihə

LAYİHƏ: Vaqif Sadıqov: “Azərbaycan futbolunda pul olanda biz bunları yada salmırdıq”

29.09.2017 , 17:45

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində iyirmi ikinci yazısı.

Ötən yazıda Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla Azərbaycan klublarının “Gənclər futbolunun inkişafı” proqramı çərçivəsində gördüyü işlərin durumundan danışmışdıq. Yazının ikinci hissəsində mövzu haqda daha geniş söhbət etmişik. 
Vaqif bəydən bir çox Azərbaycan klubunun şikayətçi olduğu məsələ – uşaq məşqçilərinin fantastik məvacib istəmələri haqda da soruşduq. Həmsöhbətimiz deyir ki, məşqçilərimizin fantastik məbləğ istəməklərini başa düşə bilmir: “Onlar AFFA tərəfindən keçirilən kurslardan ayrı-ayrı lisenziyaya sahib olurlar. Demək olar ki, hamısı işləməyə çalışır. Ən yaxşılarını isə biz nəzərdə saxlayırıq və onlar milli komandalara cəlb olunur. Hesab edirəm ki, idman prinsipləri bu məsələdə də qorunmalıdır. Təkcə meydançada yox, digər məsələlərdə də şəffaf işləmək lazımdır. Məşqçilər uşaqlara rəhbərlik etməlidirlər və təbii olaraq, onlara maliyyə ayrılmalıdır. Azərbaycan həqiqəti var, hər hansı fantastik məbləğdən söhbət gedə bilməz. Çalışıb oyunçu yetişdirməliyik, hamımız Azərbaycan futbolu üçün işləməliyik. Motivasiya üçün isə gələcəkdə peşəkar sazişlər imzalamaqla hər hansı bonuslar əldə etmək olar. Yəni qazanmaq olar, əsas işləməkdir. Heç şübhəsiz, məşqçi işləyəndə də həvəsli olmalıdır ki, yetirməsi də Azərbaycan üçün uğurlu olsun. Bizdə yaxşı oyunçular yetişib. Rəşad Sadıqova 19 yaşında şans verənlərdən biri mən olmuşam. Təbii ki, o, birdən-birə Rəşad Sadıqov olmayıb. Onun digərlərindən seçilməsi xarakterdən, liderlik keyfiyyətindən irəli gəlir. Həmin keyfiyyətləri biz 17-18 yaşlarından görməyə başlamışdıq. Mənim fikrimcə, əgər Rəşad Sadıqov kimi futbolçu yetişdirmək istəyiriksə, gənclərə şans verməliyik. Onlar üçün oyunların sayını artırmalıyıq. Bununla da gələcəkdə yeni rəşadlar, zaurlar görə biləcəyik. Rəşad bu gün də onun yanında oynayan gənclərə çox dəstək olur və hər cür şərait yaradır ki, gənclər ondan nəsə öyrənsin”.

“Hər ilin sonunda ən istedadlı futbolçulardan ibarət turnir təşkil ediləcək”
Bir neçə il bundan əvvəl Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov gənc və yeniyetmə futbolçulara Premyer Liqa klublarında az forma şansı verilməsindən şikayətlənmiş və onların oyun praktikasını artırmaları üçün Gənclər liqasının təşkil olunacağını demişdi. Düşünürdük ki, həmin söhbətdən illər ötsə də, deyəsən, ideya kağız üzərində qalıb. Ancaq Vaqif bəy deyir ki, belə bir çempionat keçirilir: “Gənclər arasında çempionat keçirilir. Sadəcə adı Gənclər liqası deyil. 19 yaşadək futbolçular arasında keçirilən liqanı nəzərdə tuturam. Bizim həmişə fikrimiz 19 yaşlıların səviyyəsini artırmaq olub. Bu yaş qrupu UEFA-nın bayrağı altında keçirilən tunirlərdə oynayır. Bu səbəbdən onlara xüsusi diqqət ayırmalıyıq. Klubları nəzərdən keçirdikdə görürük ki, bu yaşdakıların ən yaxşıları əvəzdici heyətdə oynayır. Bir qədər zəif oyunçular isə U-19 Liqasında mübarizə aparırdı ki, bu da bu turnirin səviyyəsinin bir qədər aşağı düşməsinə səbəb olurdu. Ona görə də, belə bir qərara gəldik ki, bir turnir təşkil edək və o liqada yalnız seçilənlər mübarizə aparsın. Məqsəd çempioatın nüfuzunu qaldırmaq idi. Buna görə də, şərait yaratdıq ki, U-19 Liqasının qalibi UEFA-nın təşkil etdiyi turnirlərdə çıxış etsin. Atılan bu addım öz bəhrəsini verməkdədir, artıq 19 yaşlıların yaxşı formada olduğunu görə bilərik. Tək bu yaş qrupunu deyil, digərləri də nəzərə almaq lazımdır. Onlar arasında zəncirvari bağ qurmalıyıq. Əgər dediyim olmasa, hər hansı liqaya diqqətləri yönəltmək mümkün deyil. Bütün yaş qruplarında inkişaf, ən azı, eyni səviyyədə getməlidir. Birini seçərkənj digərini unutmaq olmaz.

Məşçilər Komitəsi bu istiqamətdə də işlər aparır. Çalışırıq ki, çox futbolçunu əhatə edək. Bizim müxtəlif yaş qruplarında milli komanda yaratmağımız əbəs yerə deyil, danışdığım məsələyə xidmət edir. Düşünürəm ki, əvəzedici heyətin əsas komandadan sonra oynaması ilə bu çempionatın da nüfuzunu qismən qaldırdıq. Əsas heyətdə yer almayan oyunçular üçün şans yaranır ki, əvəzedici heyətdə yaxşı oynasınlar. Əsas komandanın oyunundan sonra baş məşqçilər onları “soyuq başla” izləyib nəzərdə saxlaya bilirlər ki, bununla da futbolçular üçün imkan yaranır. Yəni zəncirvari bağlılıq mütləq davam edəcək. Sözsüz ki, birdən-birə hər hansı dəyişiklik etmək mümkün deyil. Bunun üçün zamana ehtiyac var. İldən-ilə daha da yaxşıya doğru getməliyik. İstəyimiz odur ki, futbolçular inkişaf etsin. Bunun üçün onlara şərait yaradırıq və imkan veririk ki, öz hünərlərini göstərə bilsinlər. Futbolçu çox məşq etməklə deyil, çox oynamaqla inkişaf edir. Bu prinsiplə turnirlərin sayını artırmışıq və bunla kifayətlənməyib onların nüfuzu üçün də müəyyən addımlar atırıq. Hər yaşda olan futbolçular imkan daxilində çox oyun keçirməlidir. Məşqçilər Komitəsinin yeni layihəsi var: hər ilin sonunda ən istedadlı futbolçular arasında turnir təşkil etmək istəyirik. Məşqçilər Komitəsi və tanınmış mütəxəssislərlə birlikdə həmin qarşılaşmalar izləniləcək və ən yaxşılar nəzarətdə olacaq. Görülən işlər çoxdur və ən vacibi odur ki, bu işlərin bir-biri ilə zəncirvari bağını saxlamalıyıq. Hər sahədə olduğu kimi, burada da işə vicdanla yanaşmaq lazımdır. Mənim üçün ən önəmli məqam budur. Bugünkü vəziyyəti 25 il bundan öncə ilə müqayisə edirəm və çox irəliləyiş görürəm. Həmin dövrdə ildə bir dəfə təlim-məşq toplannışına gedəndə çox sevinirdik. Hazırda yığmalarımız hər ay toplanışda olurlar. Hal-hazırda bütün yaş qrupları üçün liqalar var, hər məşqçiyə təhsilini artırmaq üçün imkanlar yaradılıb. Bir sözlə, əvvəlki dövrlə indiki dövr arasında xeyli müsbət dəyişiklik var. İnfrastruktur dəyişir. “Neftçi”nin əlavə bazası inşa olunur. “Qəbələ”nin 6-7 meydançası var ki, uşaqlar istənilən səviyyədə məşq edə bilsinlər. Əvvəl isə belə deyildi. Bu gün görülən işlər göz qabağındadır. Problem varsa, bunu özümüzdə axtarmalıyıq. İlk növbədə, təfəkkürümüzü dəyişib işimizə vicdanla yanaşmalıyıq. Özümüzü dəyişməsək, heç nəyi dəyişə bilmərik”.

“Keçmişimizə baxsaq, vəziyyət yaxşıdır, ancaq…”
Vaqif bəydən Azərbaycanda gənclər futbolunun hazırkı durumunun onu qane edib-etmədiyini soruşduq. Təcrübəli mütəxəssis bu suala iki müqayisə ilə cavab verdi: “Keçmişə baxsaq, Azərbaycanda gənclər futbolunun durumu məni qane edir. Ancaq digər ölkələr baxsaq, başqa mənzərə görərik və eyni şeyi deyə bilməyəcəyəm. Bu istiqamətdə AFFA-nın dəstəyi ilə işlər gedir. Bilirsiniz, hər şey yaxşı olsa da, yenə bizi qane etməməlidir. Daha da çox çalışmalı, ən yaxşısına yiyələnməliyik. Ən vacib odur ki, addımlar atılır və işlər görülür. Hazırda gördüyümüz işlərə əsasən deyə bilərəm ki, gələcəyə işıq var. Biz də həmin işığa tərəf getməliyik. Yenə də deyirəm, uşaq futbolu olmadan hər hansı ciddi uğur əldə edə bilmərik. Bunu hər kəs başa düşməlidir. Bugünki gündə komplekt şəkildə işlər görülməlidir. İnanaq ki, bundan da artığına nail olmaq üçün hər bir şərait yaradılacaq. Ümid edirəm ki, klublar da hər şey edəcək. İnkişaf edən ölkələrlə ayaqlaşmalıyıq”.

“Bütün layihələr bir-birinə təkan verməlidir”
Vaqif bəy gələcəkdə Məşqçilər Komitəsinin gənclər futbolunun daha da inkişaf etməsi üçün nələr planlaşdırdığını xəbər aldıq. Həmsöhbətimiz onların təşəbbüsü ilə Azərbaycanda yeni turnirin yaradılacağını vəd etdi: “Hazırda əsas layihələrdən biri Regional liqanı yaratmaqdır. Məşçilər Komitəsi onun fəaliyyəti, mexanizmi üzərində çalışır. Yaxın gələcəkdə bu liqanı da izləyə biləcəyik. Ancaq yenə də təkcə bir məsələyə diqqət yönəldib, digərini unutmuruq. Bir işi gördükdə onu mütləq başqa bir məsələyə bağlamalıyıq. Yəni heç bir layihə müstəqil şəkildə heç biri ilə əlaqədə olmadan yarana bilməz. Bu həm diqqətləri yayındıracaq, həm də istənilən nəticəni verməyəcək. Bütün məsələlər bir-birinə təkan verməlidir. Hər hansı işin davamını gətirməsək, inkişafdan danışmaq yersizdir. Məqsəd bölgə futbolunu inkişaf etdirməkdir. Bu sahədə xeyli boşluq var, onları aradan qaldırmalıyıq. Bütün bölgələrdə futbolun olmasını istəyirik. Söhbət burada təkcə komandadan getmir, uşaq futbolu da buraya daxildir. Hər bir liqanın nüfuzunu artırmaq bizim üçün sadəcə müsbət ola bilər”.


Təcrübəli mütəxəssis Azərbaycanda aşağı yaş qruplarından ibarət komandalarda əcnəbi mütəxəssislərin çalışmasına müsbət baxır. Onun fikrincə, bu da dünya futbolu ilə inteqrasiyanın bir yoludur və bunsuz inkişaf etmək mümkün deyil: “Həmişə əcnəbi məşqçilərin gətirilməsinin tərəfdarı olmuşam. Mən o təcrübəyə malikəm, Rusiyada işləmişəm. Hesab edirəm ki, bu, xeyrimizə ola bilər. Həm akademiyalara xarici mütəxəssilərin gəlməsi, həm də bizim məşqçilərin başqa ölkələrdə işləməsi müsbət haldır. Belə olduqda, xarici təcrübəni görən mütəxəssislər burada azərbaycanlı gənc məşqçilərə də öz gördüklərini aşılaya bilər və ən əsası, yetirmələrinə öyrətməyə materialı çox olacaq. Yerli və ya əcnəbi – fərq etməz, əsas məqsəd Azərbaycan futboluna xidmət etmək olmalıdır”.

“Dərslərini yaxşı oxuyan uşaq meydanda digərlərindən seçilirdi”
Vaqif bəy də digər müsahiblərimiz kimi futbolçunun təhsilli olmasının zəruri olduğunu düşünür. Deyir ki, təhsil gələcəkdə futbolçu olmaq istəyən uşaqlar üçün çox vacibdir və öz həyat təcrübəsindən nümunə gətirir: “Bizim dövrdə məktəbdə yaxşı nəticələri olan, dərslərini yaxşı oxuyan uşaqlar meydanda digərlərindən seçilirdilər. Biz təhsil ilə futbolu vəhdətdə saxlamalıyıq. Yəni təhsilə fikir verib, futbolu unutmaq, yaxud əksinə davranmaq olmaz. Buna misal olaraq “Qəbələ” klubu göstərə bilərəm. Onların akademiyasında internat tipli məktəb var. 160-a yaxın uşaq orada həm təhsil alır, həm də məşq edir. Birinci diviziona yeni gələn “Sabah”ın işləri ilə tanış olduqda gördük ki, onlar da bu yöndə işlər aparırlar. Çalışırlar ki, tezliklə öz bazalarının yaxınlığında internat tipli məktəbləri olsun. Digər klublar da bunun üçün şərait yaratmalıdır. Bu istiqamətdə işlər görülür. Bu amil də maliyyə ilə bağlıdır. Mən heyfsilənirəm ki, Azərbaycan futbolunda pul olanda biz bunları yada salmırdıq. Hazırda pul yoxdur, ancaq layihələr çoxdur. Əvvəllər – maddiyyat yaxşı olanda klub rəhbərləri düşünməli idilər ki, yalnız əsas komandaya pul buraxmaqla inkişaf əldə etmək mümkün deyil”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı