Layihə

LAYİHƏ: “Siftə”si də, “bərəkəti” də bizdən – futzalçılarımızın ilk Avropa Çempionatı

03.06.2017 , 10:35

Korner.az və Sportfm.az saytlarının "Futzal: mövcud durum və perspektiv üfüqləri" layihəsi çərçivəsində yeddinci yazısı

2010-cu ili Azərbaycan futzalı üçün yeni səhifə hesab etmək olar. Çünki milli komandamız beynəlxalq arenada ilk dəfə mübarizəyə qoşulurdu. Təsnifat mərhələsini uğurla başa vuran Azərbaycanın futzal komandası tarixində ilk dəfə Avropa Çempionatının final mərhələsinə vəsiqə qazandı. Millimizin vəsiqə qazanmağı böyük uğur hesab edilə bilərdi, ancaq komandamız təkcə bu uğurla kifayətlənmədi. Elə ilk ildə Avropanın ən güclü 4 millisindən biri oldu. Yaxın keçmişə səyahət edib, həmin anları yenidən yaşayaq.

Futzal üzrə Avropa Çempionatının cəmi 21 yaşı var. İlk dünya çempionatı keçirilikdən 7 il sonra – 1996-cı ildə Avropanın ən güclü futzalçıları üçün ideal turnir yaradıldı. UEFA bayrağı altında keçirilən çempionat 1999-cu ildə etibarən iki ildən bir keçirilir. 2007-ci ildə yenə 3 illik fasilə yarandı və növbəti çempionata artıq Azərbaycan da qoşuldu.

Avropa Çempionatı

Macarıstan

2010

2010-cu ilin yanvar ayının 19-da start götürən Avropa çempionatı həmin ayın 30-u yekunlaşdı. Çempionata ev sahibliyi edən Macarıstan reqlamentə uyğun olaraq turnirə birbaşa vəsiqə qazanmışdı. Matçlar Budapeştdə (Laslo Pap Arena) və Debretsendə (Feniks Arena) keçirilirdi. 38 yığma komanda təsnifat mərhələsində mübarizə aparırdı və onlar arasında ən güclü 10 komanda final mərhələsinə vəsiqə qazandı. İspaniya son çempion kimi, Macarıstan isə ev sahibi kimi təsnifat mərhələsində iştirak etmirdi.

Qrup mərhələsi

Komandalar hər qrupda 3 yığma olmaqla 4 qrupda mübarizə aparırdı. Milli komandamız A qrupunda Çexiya və meydan sahibi Macarıstana rəqib olmuşdu. Futzalçılarımız bu mərhələdə rəqiblərinə güzəştə getməyib. Hər iki matçda qalib olan millimiz 9 qol vurub qapısından cəmi 2 qol buraxıb.

¼ final / Azərbaycan – Ukrayna

Beləliklə, pley-off mərhələsinə vəsiqə qazanan milli komandamız B qrupunun ikincisi olan Ukrayna yığmasına rəqib oldu. Pley-offun ilk matçı yanvarın 25-də Papp Laslo Arenada keçirilib. Qarşılaşma gərginliyi ilə yadda qalıb. İlk dəqiqədə ukraynalılar hesabı açıb. Rəqib komandanın heyətində Romanov fərqlənib. Lakin bu qoldan elə bir dəqiqə sonra Rizvan Fərzəliyev bərabərliyi rəsmiləşdirib. Daha sonra Çepornyuk 10-cu dəqiqədə ukraynalıları ikinci dəfə hesabda önə çıxarıb. Qoldan 7 dəqiqə sonra Tiaqo hesabı bərabərləşdirib – 2:2. Bu andan sonra matçın gərginliyi daha da artıb. Biro Jade 24-cü dəqiqədə hesabı milli komandamızı xeyrə dəyişib. Lakin komandamız üstünlüyünü qoruyub saxlaya bilməyib. Kondratyuk 33-cü dəqiqədə matçda vurulan qolların sayını 6 edib. Beləliklə, 3:3 hesablı bərabərliklə bitən matçda qalibi müəyyən etmək üçün penaltilər seriyasına müraciət edilib. Burada komandamız bütün cəhdlərdə uğurlu olub (4:2) və Azərbaycan yığması ilk dəfə qatıldığı Avropa çempionatında yarımfinala yüksəlir. Bununla da, Avropanın ən güclü 4 komandasından biri olur.

Yarımfinal / Azərbaycan – Portuqaliya

Artıq tarix yazan millimiz yarımfinalda Portuqaliya futzalçıları ilə qarşılaşacaqdı. Matç Debretsenin Feniks Arenasında keçirildi. Millimizin futbolçusu Tiaqo hesabı 7-ci dəqiqədə açıb. Qoldan cəmi iki dəqiqə sonra Kardinal hesabı bərabərləşdirib. Tam qüvvəsilə mübarizə aparan futzalçılarımız 17-ci dəqiqədə Felipenin qolu ilə yenidən irəli keçib. Lakin Joau Matuş qoldan 10 dəqiqə sonra hesabı bərabərləşdirib. Bu qolda bir dəqiqə sonra isə matçda iki qol vurulub. Millimizin heyətində Biro Jade, rəqibin heyətində isə Pedru Koşta fərqlənib. Beləliklə, bu matçda penaltilər seriyasına gedib. Serjao, Biro Jade və Fərzəliyev penaltiləri dəqiq yerinə yetirsə də, Tiaqo qol vura bilməyib. Portuqaliya yığması isə bütün cəhdləri qol çevirib. Bununla da, yığmamız finala vəsiqə qazana bilməyib.

Üçüncülük matçı / Çexiya – Azərbaycan

Yanvarın 30-da yenə Feniks Arenada yığma komandamız qrup mərhələsində məğlub etdiyi Çexiya yığması ilə üçüncülükü matçı keçirdi. Qarşılaşmaya çexlər uğurlu başladı və ilk dəqiqədə Beleyin qolu ilə hesabı açdı. Bundan sonra 7-ci dəqiqədə Vitali Borisov hesabı bərabərləşdirdi. 18-ci dəqiqədə Serjao komandamızı hesabda irəli çıxarsa da, 23-cü dəqiqədə çexlərin üzvü Slama status-kvonu bərpa edib. 25-ci dəqiqədə Rizvan Fərzəliyev topu öz qapısından keçirdi. Novotni 35-ci dəqiqədə hesab arasındaki fərqi ikiyə yüksəltdi – 2:4. Bütün komanda ilə hücuma atılan yığmamız Fərəczadə ilə 3-cü qolu vurmağı bacardı. Lakin qrup mərhələsində məğlub etdiyimiz Çexiya futzalçıları 5-ci qolu da vurmaqla bürünc medala yiyələndilər.

11 gün davam edən turnirin qalibi İspaniya yığması, gümüş və bürünc medalçıları müvafiq olaraq İspaniya və Çexiya yığması oldu. Avropa Çempionatında 20 matç keçirildi və bu oyunlarda 127 qol vuruldu (hər oyuna təxminəm 6 qol). Komandamızın üzvü Biro Jade turnirin bombardiri oldu. O, ispaniyalı Xavi Rodriqes, portuqaliyalı Joel Keyruş və italiyalı Saad Asissi qabaqladı.

Tarixdə ilk dəfə qatıldığı Avropa Çempionatında milli komandamız böyük uğura imza atdı. Millimiz bu turnirdən sonra keçirilən bütün Avropa çempionatların vəsiqə qazanmağı bacarıb.

Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı