Layihə

LAYİHƏ: Şeydayevi “istehsal edən” futbolçu “konveyri” necə işləyir?

01.10.2017 , 11:34

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində iyirmi üçüncü yazısı. 

Əvvəlki yazılarda Azərbaycanda gənclər futbolunun durumu, klublarımızda bu dahədə görülən işlər barədə, planlar, proqramlar və problemlər haqqında söhbət açmışdıq. Bəs, digər ölkələrdə, konkret olaraq şimal qonşumuz olan Rusiyada vəziyyət necədir? Son illər bu ölkənin futboluna damğasını vuran “Zenit”də gənc futbolçuların inkişafı üçün hansı işlər görülür? Seçimimizi Sankt-Peterburq komandası üzərində saxlamağımız əbəs deyil, çünki məhz bu komanda uşaq-gənclər futbolunda böyük uğurlara imza atıb. Təbii ki, hər bir sahədə ciddi irəliləyiş əldə etmək üçün güclü maliyyə dayaqları olmalıdır. “Zenit”də bu sarıdan problem yoxdur! Klubun futbol akademiyası Rusiyanın ən adlı-sanlı banklarından biri olan “Qazprombank” tərəfindən maliyyələşdirilir. Belə ki, 2010-cu ildən bank rəhbərliyi tərəfindən xüsusi olaraq buraxılan “Qazprombank-Zenit” kartlarından əldə olunan gəlirin bir qismi, klubun uşaq-futbol akademiyasının inkişafına və Leninqrad vilayətinin futbol infrastrukrunun yaxşılaşdırılmasına yönləndirilib. “Zenit”in gənclər futbolunun inkişafına dair proqramı bizim klubların proqramlarından fərqlənir. 2008-ci ildə “Məktəb futbolu” adlı layihə ilə “yola çıxan” klub yönəticiləri, sonradan planları genişləndirərək gənclərin hazırlanmasında yeni mərhələyə qədəm qoyublar. Futbolun populyarlaşması və kütləvilik qazanması üçün bu layihənin xüsusi əhəmiyyəti var. Layihə çərçivəsində Sankt-Peterburqun və Leninqrad vilayətinin orta məktəblərində iki il ərzində aparılan seleksiya nəticəsində klubun akademiyasına cəlb edilənlənlərin sayı 160 nəfəri keçib. Akademiyanın məşqçilərinin fikrincə, bu yolla onlar istedadlı uşaqların kənarda qalmasının qarşısı alınıb. 
Azərbaycan Premyer Liqasında çıxış edən klubların gənclər futbolunun inkişaf proqramı ilə tanış olduqda, onların heç birinin ali təhsil ocaqları ilə birgə çalışmadığının şahidi oluruq, ruslarda isə bu məsələyə xüsusi yanaşma var. “Zenit” Akademiyası orta məktəblərdə apardığı seçimlərlə yanaşı, proqrama Sankt-Peterburqun universitetlərini də cəlb edib. Akademiyaya cəlb olunan hər bir yeniyetmə öncədən alimlərin fikirlərini dinləməli olur, təbii ki, belə seminarlar daha çox fiziki və psixoloji hazırlığa həsr edilir.


Dördqat Rusiya çempionu akademiyada yeni strukturun formalaşdırılmasına, infrastrukturun yaxşılaşdırılmasına, metodiki bazanın gücləndirilməsinə və məşq prosesinin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verir. Futbol akademiyasında çalışan məşqçilərin qabaqcıl təlimlər keçməsi və ixtisasını artırması üçün özəl proqram hazırlanıb. Bununla yanaşı, akademiya rəhbərliyi bir çox sosial proqramlar da həyata keçirir. Məsələn, 2009-cu ildə vilayətin müxtəlif şəhər və qəsəbələrində 50-dən çox tədbir baş tutub. Bunlar inkişaf proqramının bir hissəsi kimi çox önəmlidir. Akademiyada bu sahəyə cavabdeh olan şəxslər hər il yeni layihələrin icrasına çalışır. Bunun üçün klubun əsas sponsoru tərəfindən xaricdən mütəxəssislər dəvət olunur. 2009-cu ildə Hollandiyadan soyuq Piterə təşrif buyurmuş Henk van Steenin əsas işi əvəzedici heyətin mükəmməl şəkildə komplektləşdirilməsi və hazırlıq prosesinin yenilənməsi olub. Sonralar böyük təcrübəyə malik mütəxəssis akademiyanın rəhbəri seçilib. Uzun illər “Feyenoord”un futbol akademiyasında işləyən və adından söz etdirən Van Steen Sankt-Peterburqda “təməl”in düzgün qoyulması üçün ciddi işlər görüb. Məhz hollandiyalı kluba gəldikdən sonra, akademiyanın gənclər departamentinin qarşısında hər mövsüm əvəzedici heyətdən bir-iki nəfərin əsas komandaya yüksəlməsini şərt kimi qoyub. “Zenit” rəhbərliyi dəvət etdiyi mütəxəssislərə tam dəstək verərək, əsas heyətə rusiyalı gənclərin cəlb edilməsinin yolunun akademiyadakı hazırlğın düzgün qurulmasından keçdiyini düşünür. Futbol Akademiyasının əsas konsepsiyalarından biri, gənc futbolçunun potensialının tam üzə çıxması üçün lazımi şəraitin və ciddi rəqabətin olması ilə bağlıdır. Akademiyada “tər tökənlər”in fikrincə, ağır rəqabətdən qalib ayrılan oyunçu, menecer, təşkilat və s. həmişə digərlərinə nisbətən bir addım öndə olacaq. “Zenit”in aşağı yaş qruplarında çıxış edən hər bir uşaq bilir ki, onlar bura təsadüfən düşməyib, başqalarından fərqləndikləri üçün burdadırlar və avropalı həmyaşıdları ilə başabaş mübarizə aparmaq üçün lazımi şəraitlə təmin ediliblər. “Seçilmişlər” artıq burada olduqları üçün xoşbəxt olmalıdırlar, çünki “Zenit”in akademiyasından komandanın əsas heyətinə düşməyənlər də futbol gələcəklərinin təmin olunduğunu gözəl anlayırlar. Buna misal olaraq, hazırda yığmamızın şərəfini qoruyan Ramil Şeydayevi göstərmək olar. Gənc yaşlarında əsas komandanın məşqlərinə cəlb edilən həmyerlimiz daha sonra taleyini Azərbaycan millisi ilə bağlayaraq “Trabzonspor”a keçdi. Futbolçunun sonrakı taleyi hər kəsə məlumdur. Təbii ki, Şeydayevin karyerasının hələ ki, uğursuz alınmasında “Zenit” akademiyasının rolu yoxdur.


Praktika göstərir ki, tarix boyu öz yetirmələri hesabına güclənən klublar daha çox başarı əldə edir. “Ayaks” və “Barselona” buna bariz nümunədir. Düzdür, hər iki komanda, xüsusən də İspaniya nəhəngi bahalı transferlərə imza atır. Ancaq bununla yanaşı, onların heyətində mütləq öz akademiyalarının yetirmələri yer alır. “Zenit”də hazırda bu klubların yolunu tutub. Sankt-Peterburq klubu Rusiyanın müxtəlif bölgələrindən olan istedadlı uşaqları akademiyasına cəlb edir. Bunun üçün klubun 100-dən çox skautu fəaliyyət göstərir. “Zenit”in aşağı yaş qrupları üzrə komandaları tez-tez digər vilayətlərdən olan kollektivlərlə yoldaşlıq görüşləri keçirir. Belə qarşılaşmalar zamanı 1925-ci ildə yaradılan klubun məşqçiləri rəqiblərin heyətində olan uşaqları da yaxından izləyir. Bu yolla artıq “Zenit”ə 200-ə yaxın yeniyetmə cəlb edilib. Klub hər il uşaqlar üçün futbol düşərgələri də təşkil edir. Bu düşərgələrə Rusiyanın digər regionaları ilə barəbər dünyanın müxtəlif ölkələrindən olan gənclər də cəlb edilir. Onlardan bəzilərinin “Zenit” futbol məktəbi haqqında dedikləri çox maraqlıdır. Kanadanın Toronto şəhərindən Sankt-Peterburqa təşrif buyuran Yakov Sarov-Stepanov ikinci ildir ki, “Zenit”in futbol düşərgəsi layihəsinin iştirakçısıdır:”Ötən il bura gəldikdən sonra özümə söz vermişdim ki, mütləq “Zenit”ə qayıdacam. Burada çalışan insanlar çox xoşuma gəlir. Kanadaya ancaq xoş təəssüratlarla qayıtmışdım. İl ərzində düşərgədə birgə olduğum uşaqlarla sosial şəbəkələr vasitəsilə əlaqə saxlayırdım. Düzünü deyim, Sankt-Peterburqa qaytımağı səbrsizliklə gözləyirdim. Torontoda futbolla məşğul oluram, burada güclü mütəxəssis sarıdan korluq çəkirik. Gələcəkdə ən böyük arzum “Zenit”in göy-ağ-mavi rəngli forması daşımaqdı”.


“Zenit”in futbol düşərgəsinə baş çəkənlərdən biri isə ABŞ-da yaşayır. Hyuston şəhərində yaşayan Filipp Lebedev qızmar Texas günəşini soyuq Peterburq gecələrinə dəyişməsini belə izah edir:”Belə bir layihənin mövcudluğu haqqında klubun saytında məlumat vardı. Bütün qaydalarla tanış olduqdan sonra bura gəlməyə qərar verdim. Biz hər şeyi peşəkar futbolçular kimi edirik. Həmçinin, burda təhsil almaq da mümkündü. Meydançalar çox xoşuma gəlir. Bizi tez-tez əyləncəli ekskursiyalara aparırlar. Əsas komandanın soyunub-geyinmə otağında olmuşuq, futbolçuların oturduqları yerlərdə oturduq. Möhtəşəm hisslər idi. Özümü “Zenit”in bir parçası kimi görürdüm”. 
Rusiyanın ən ucqar şəhərlərindən biri olan Vladivostokdan belə “Zenit”in futbol düşərgəsində özünü sınayanlar var. Kirill Verin onlardan biridir:”Bir il əvvəl bu istəyimi reallaşdıra bilmədim. İkinci cəhddən isə alındı. 9 saata yaxın uçduqdan sonra Sankt-Peterburq hava limanına endik. Meydançalara ayaq basdıqda, inana bilmirdim. Mən artıq “Zenit” forması ilə məşq edib, oynayacaqdım. Məni narazı salan məqam isə yemək yedikdən 3 saat sonra məşq etməyimizdir. Biz daha tez meydançaya qayıtmaq istəyirik. Ancaq bilirik ki, düşərgədə hər şey sistematik şəkildə həyata keçirilir. Bizə texnikanı, taktikanı öyrədirlər. Öz doğma şəhərimdə futbola gedirəm, arzum isə “Zenit”də çıxış etməkdir. 
Rusiyanın Yekaterinburq şəhərində dünyaya gələn Andrey Zaytsev isə futbol düşərgəsində xeyli inkişaf etdiyini deyir:”Məşqçilər hər bir elementi dəqiqliklə başa salır. Topla məşqlərdən əlavə bizə teoriya üzrə məşğələlər keçirilir. Bura toplaşan uşaqlar öz ustalıq səviyyələrini artırmaq üçün lazım olan hər bir təlimi görürlər. Özüm fərqi hiss edə bilirəm. İndi daha texnikalı futbol sərgiləyirəm”
Paytaxt Moskvada xeyli sayda iddialı klubun olmasına baxmayaraq, Pyotr Vinoqrad “şimal paytaxtı”na üz tutmağı lazım bilib:”Buraya gəlməyi çox istəyirdim. Ailəm də məni “Zenit”də görmək arzusu ilə alışıb-yanırdı. Doğrudur, mən Moskvadanam amma “göy-ağ-mavilər”ə azarkeşlik edirəm. Bizim məktəbdə bu klubun çox sayda fanatı var. Mən ailəmlə Mavrikiy adasında dincəldiyim zaman Andre Villaş-Boaşla(2014-2016-cı illərdə “Zenit”in baş məşqçisi-red.)tanış oldum. O klub haqqında maraqlı məlumatlar verdi. Futbol layihəsi çərçivəsində bir çox uşaqlarla dost olmuşam. Növbəti il bura yenə gəlmək istəyirəm”.
Bir çox gənc İtaliya futbolunun vurğunu olsa da, Romada yaşayan Valerio Kotopalov könlünü “Zenit”ə qapdırıb:”Çox məmnunam. Mən futbol fanatıyam və burada öz istədiyim atmosfera düşmüşəm. Hər gün topla müxtəlif təmrinlər edirik. Mən Romada futbol məktəbinə gedirəm. Ancaq hər zaman “Zenit”də oynamağı arzu etmişəm. Şəhər gəzintisi və köhnə “Petrovskiy” stadionuna səyahət çox xoş idi. Yeməklər isə çox dadlıdı”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

Son yazılar

Yuxarı