Layihə

LAYİHƏ: Savadsız futbolçunun lazım olmadığı akademiyada kimi örnək götürürlər?

25.08.2017 , 10:45

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində doqquzuncu yazısı

“Gənclər futbolunun inkişafı” proqramı çərçivəsində “İnter”də görülən işlərlə bağlı klubun Uşar-Gənclər Futbol Məktəbinin (UGFM) rəhbəri Rövşən Babayev ətraflı məlumat vermişdi. Bu dəfə Azərbaycanın ən adlı-sanlı futbol akademiyasına sahib olan “Qəbələ”nin bu sahədə atdığı addımlarla tanış olmaq imkanını əldən vermədik. Bunun üçün klubun futbol akademiyasının rəhbəri Nail Kərimovla görüşdük: 

“Avropa səviyyəli futbolçular hazırlayacağımıza ürəkdən inanırıq” 

Əvvəla onu qeyd edim ki, “Qəbələ”də gənclər futbolunun inkişaf proqramı 3 illik yazılır. Daha uzun müddətli proqram yazılması da mümkündür, lakin futbolda tez-tez dəyişikliklərin baş verdiyini nəzərə alsaq, inkişaf proqramının maksimum 3 ili əhatə etməsi normaldır. Doğrudur, qaydalara görə proqrama əlavə və dəyişilikləri mövsümün gedişində də etmək olar. Lakin biz, istənilən halda 3 ildən bir yenilənməni daha məqbul sayırıq. Proqramı akademiyamızın direktoru Halim Fıçıcı məşqçilər heyətilə birlikdə tərtib edir. Sizə də məlumdur ki, peşəkar futbol akademiyalarında işə yanaşma, fəlsəfə və sistem uzun müddət dəyişməz olaraq qalır. 2009-cu ildə qurulan “Qəbələ” akademiyası bu xüsusiyyətlərinə görə ən yaxşılar sırasındadır. Artıq 5 ildən çoxdur ki, eyni oyun və məşq sistemini tətbiq edirik.

Hər mövsüm çatışmayan cəhətlərimizi analiz edib dəyişikliklər edirik, eləcə də, futboldakı yeniliklərə əsasən akademiyamızda əlavələr həyata keçiririk. U-7-dən U-19-a qədər olan komandalarımızın məşq proqramı eynidir, fərq yaşa görə dəyişən təmrinlər və yükləmələrlə, məşqin vaxtı ilə əhatələnir. Bütün komandalarımız eyni oyun sistemilə meydançaya çıxır. 11-11-ə 4-3-3, 9-9-a 2-3-3, 7-7-yə 2-1-3 sxemi ilə oynayırıq. Bu sistemləri tətbiq etməkdə əsas məqsədimiz oyun ərzində daha çox topa sahib olmaq, rəngarəng və məntiqli hücumlar qurmaq, futbolçuları kortəbii oynamaq vərdişlərindən uzaqlaşdırmaqdır. Belə olan halda yeniyetmə mərhələlərlə texnika, taktika, dözümlülük, güc qazanır və peşəkar futbola hazır olur. Sözügedən məqamları tam həyata keçirmək, məşqçi heyətinin həmin sistemləri kiçikyaşlı futbolçulara aşılaması asanlıqla başa gəlmir. Kənardan nə qədər sadə görünsə də, bu proses uzun illəri əhatə edir. İlk günlərlə hazırkı vəziyyəti müqayisə etdikdə illər sonra daha da təşkilatlanmış akademiyamızın olacağına heç bir şübhəm qalmır. İrəliləyən illərdə Avropa səviyyəli futbolçular hazırlayacağımıza ürəkdən inanırıq. Dünya ölkələri istənilən sahədə uğuru müşahidə aparmaqla, analiz edib öyrənməklə və tətbiq etməklə qazanırlar. Eləcə də, uzun illərdən bəri formalaşan ənənələrin qorunub saxlanması çox vacibdir. Hazırda bizdə uşaq futboluna yanaşma analiz-tətbiq mərhələsindədir və artıq ənənəyə çevrilməyə başlayıb. “Qəbələ” klubunda və ya akademiyada rəhbərlik və işçi heyəti dəyişsə belə, iş prinsipləri və ümumilikdə uşaq futboluna yanaşmanın dəyişməcəyinə ümid edirik. Çünki bizdə bu sahənin toxumları kifayət qədər yaxşı səpilib. 

Nail Kərimov “Qəbələ”də gənclərin futbolun sirlərinə yiyələnməsi ilə yanaşı təhsilli yetişmələrinə verilən önəmdən də danışdı:

“Futbolçuların davranışları haqqında məlumatı ailələrinə göndəririk”  

Bilirsiniz ki, futbolçu yalnız meydançada yetişmir, o, həm də şəxsiyyət olmalıdır. Bu prosesdə klubun imkanları məhdud olsa da, biz əlimizdən gələni etməyə çalışırıq. Hər bir şəxsin əsası ailədə qoyulur, daha sonra orta təhsillə bu proses davam etdirilir. Futbolla məşğul olan uşaqlarda bəzi məqamlar digər həmyaşıdlarından geri qalır, çünki onların böyük əksəriyyəti təhsilə yetərincə vaxt ayıra bilmir. Onların gələcəkdə futbolçu olub-olmamasından asılı olmayaraq təhsilə önəm verməsi çox vacibdir. Ona görə də, biz futbolçularımıza xüsusi münasibət bəsləyirik. Onların orta məktəb təhsilinə maksimum diqqət yetirmək, təhsil ocaqları ilə mütəşəkkil fəaliyyət göstəririk. Uşaqların valideynləri ilə daim ünsiyyətdə oluruq. Futbolçuların orta məktəb, akademiya yataqxanası və meydançadakı davranışları, onların mənfi və müsbət cəhətləri haqqında anketlər doldurularaq mövsüm ərzində 3 dəfə poçt vasitəsilə ailələrinə göndərilir. Həmçinin, ildə 3 dəfə valideyn iclası çağırılır, onların fikirləri dinlənilir və məsləhətlər verilir. Təəssüf ki, bəzi ailələr övladlarına laqeyd münasibət göstərir, eləcə də təhsil problemlərinin həllində bizə yardımçı olmurlar. Lakin biz bundan da çıxış yolları axtarmağa davam edirik. Misal kimi təqdimatlar və ekskursiyaları göstərə bilərəm. Təqdimatlar istənilən sahəni – gigiyena, zədələr, qidalanma, təhsil, dünya görüşü, davranış, nümunəvi idmançıların həyatı – əhatə edə bilər. Məsələn, ötən mövsüm əməkdaşlarımız Rivaldo haqqında hazırladıqları təqdimatda bir futbolçunun zirvəyə qalxmaq üçün hansı əziyyətlərə tab gətirməli olduğunu diqqətə çatdırmışdılar.

Həmçinin, Pol Qaskoynun simasında bir istedadı necə məhv etmək mümkün olduğu futbolçularımıza göstərilmişdi. Eyni zamanda, səfərlər öncəsi gediləcək ölkə və şəhər haqqında videotəqdimatlar hazırlanır. Misal üçün, Cənubi Koreyaya yola düşəcək U-13 komandamızın üzvləri artıq həmin ölkə, şəhərləri, eləcə də uçuş qaydaları haqqında kifayət qədər məlumata sahibdirlər. Hesab edirəm ki, bu səfərlər də yeniyetmələrin fərdi inkişafına böyük töhfə verir.
Daha əvvəl qeyd etdiyim kimi, akademiyamız gəncdir və qüsurlar kifayət qədərdir. Hazırda yataqxana binamızı yenisi ilə əvəz etməyə hazırlaşırıq. İnfrastruktur çatışmazlıqları tam aradan qaldırıldıqdan sonra futbolçularımızın təhsil və tərbiyələrinə daha çox və təşkilatlanmış diqqət ayrılacaq. Bu istiqamətlə bağlı planımız artıq tam hazırdır. Əvvəlcə, gənclər futbolunun inkişafı üçün AFFA-nın gördüyü işlərə toxunmaq istərdim. Biz akademiyanı qurduğumuz vaxt çox zəif təşkil olunmuş U-15 və U-17 liqalarından başqa yarış yox idi. Amma indi 9 yaş qrupu üzrə Azərbaycan çempionatları və müxtəlif digər turnirlər ciddi formatda keçirilir. Bunun sayəsində futbolla məşğul olanların həm kəmiyyəti, həm də keyfiyyəti xeyli artıb. Keyfiyyətlə yanaşı, kəmiyyət də önəmlidir ki, gələcəkdə peşəkar şəkildə futbolçu olmayacaq yeniyetmələr futbola öz töhfələrini, heç olmasa, azarkeşliklə versinlər.

AFFA-nın UEFA ilə müştərək təşkil etdiyi məşqçi kurslarında kifayət qədər mütəxəssis yetişib və hazırda onların iş keyfiyyəti özlərindən əvvəlkilərlə müqayisədə yüksəkdir. Hazırkı nəsil ümumi anlayışlarla yanaşı, futboldakı yenilikləri, texnologiyanı da öyrənib.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı