Layihə

LAYİHƏ: Qapıçı kimi böyük uğur qazanan hücumçu!

05.12.2017 , 16:20

Korner.az və Sportfm.az saytlarının “Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə futzalında iz buraxanlar” layihəsi çərçivəsində onuncu yazısı

Azərbaycanda peşəkar futzal məktəblərinin olmadığını nəzərə alsaq, parket üzərində top qovanların əksəriyyətinin futboldan bu idman növünə gəlməsi başa düşüləndir. Ölkə futzalında karyerasına məhz zalda başlayanların sayı barmaqla sayılacaq qədərdi. Onlardan biri Ramin Həsənzadədir. Hazırda Yüksək Liqada mübarizə aparan “İtaldizain” klubunun əsas qapıçısı olan futzalçını yaxından tanıyaq:”Mən digərlərindən fərqli olaraq, heç vaxt böyük futbol oynamamışam. Elə karyerama futzalda başlamışam. Azərbaycan Dövlət Neft və Kimya Akademiyasında(Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – red.) təhsil almışam və həmin dövrdə universitetdaxili turnirlərdə iştirak etmişəm. Bu 1995-96-cı illərə təsadüf edirdi. Universitetdə təhsil aldığım zaman bir neçə turnirdə çempionluq qazandım. Bir dəfə oyundan çıxanda “Statoyl” klubunun məşqçisi mənə yaxınlaşdı. Komandasına dəvət etdi. Mən məmnuniyyətlə razı oldum. Beləliklə, futzal karyerama başladım. Yaxşı xatırlayıram, bu komanda ilə Həvəskarlar Liqasında ilk sıranı tutduq. Daha sonra Əbdülqəni Nurməmmədovun rəhbərlik etdiyi “Nafspor” komandası məni heyətində görmək istədiyini bildirdi. Razılaşdım və iki mövsüm həmin klubun şərəfini qorudum.“Nafspor”dakı çıxışım 1999 və 2000-ci illərə təsadüf edirdi. Sonra bu klub səbəblərə görə fəaliyyətini dayandırmalı oldu. Komanda dağıldığına görə futzalçıların hərəsi bir komandaya yollandı. Mən Elman Ələkbərovun başçılıq etdiyi “Turan Air” futzal klubu ilə müqavilə bağladım. Məhz buna qədər mən meydanda oyunçu kimi çıxış edirdim”.

Azərbaycan futzalının sayılıb-seçilən qapıçılarından biri olan Ramin bəyin əlinə ilk dəfə əlcək keçirməsinin qəribə tarixçəsi var:””Turan Air”də çıxış etdiyim zamanlar, bizə Moskvada keçirilən beynəlxalq turnirə qatılmaq üçün dəvət gəldi. Rusiya paytaxtına yollandıq. Ancaq orda heç kimin gözləmədiyi hadisə baş verdi. Turnirin intriqalı matçlarının birində, heyətimizdə yer alan iki qapıçının ikisi də qırmızı vərəqə ilə cəzalandı. Bu vaxt baş məşqçimiz dönüb bizə baxdı və kimin qapıda dayana biləcəyini soruşdu. Düşünmədən məsuliyyəti üzərimə götürdüm, qapıya keçdim. Görünür, pis alınmadı(gülür). Həmin görüşdən sonra mövqeyimi dəyişərək, qapıçı oldum. 2000-ci ildən artıq komandanın əsas qokiperi idim. Mövqeyimi dəyişdikdən sonra yenidən oyunçu kimi oynamaq barədə düşünmədim. Cavan vaxtlarımda br qədər arıq idim(gülür), lakin zaman keçdikcə çəkim artmağa başladı və mənə uyğun olan mövqe elə qapıçı oldu. Əvvəl hücumda oynayırdım, futzal isə daim edirdi, meydanda sürətli oyunçulara ehtiyac yaranırdı. Bu baxımdan bir müddət götür-qoy etdim və belə qərara gəldim ki, qapıda daha faydalı olacam. Özümdə düşünürdüm ki, qapıda dayansam, məndə alınacaq. Alındı da…Hətta yığma komandanın da qapısını qorudum. Belə bir ifadə var ki, “ağıllı adam qapıda dayanmaz”. Özünüz də bilirsiniz ki, top ağırdı. Çox yaxın məsafədən top güclü zərbə ilə üzə dəyə bilər. “Bir nömrələr”in çoxunun karyerası boyunca başı dəfələrlə dirəklərə dəyir. Yəni bu mövqenin də öz çətinlikləri var. Həmişə deyirlər ki, futzalda komandanın 50 faizi qapıçıdır. Düşünürəm ki, günümüzdə bu faiz daha da artıb. Hər bir komanda üçün olduqda əhəmiyyətli mövqedir. Bilirsiniz ki, qapıçının buraxdığı səhvlər adətən bağışlanmır”.

Sabiq hücumçu karyerasında xüsusi yer tutan “Turan Air” klubu ilə qazandığı uğurları indi də unutmadığını bildirir:”“Turan Air” komandası ilə bir sıra nailiyyətlərmiz oldu. Ölkə çempionatının qızıl medallarını qazandıq, iki dəfə ölkəmizi Çempionlar Liqasında təmsil etdik. Çox yaxşı yadımdadı, həmin dövrdə hələ heç kim Ermənistan klubları ilə oynamamışdı. Turnirlərin birində Yerevanın “Araks” komandası ilə eyni qrupa düşmüşdük. Onlarla görüşü qələbə ilə başa vurduq. Hesab 5:2 oldu. O qalibiyyəti unutmaq mümkün deyil. Daha sonra hərbi xidmətə yollandım. Cəbhə bölgəsində zabit kimi qulluq etdim. Hərbi xidmətimi başa vurduqdan sonra yenidən karyeramı davam etdirdim. Onda komandaların çoxu cəmi bir il fəaliyyət göstərirdi. Maliyyə çətinliyi olduğu üçün klublar dağılırdı. Həmin ərəfələr bir neçə klubun şərəfini qorudum. Futzalsız qaldığım vaxtlarda, klub olmasa da məşqlərə ara vermirdim. Həftə ərzində 3-4 dəfə dostlarımla futbol oynayırdım. Sonra EKOL klubu yarananda Natiq Məmmədkərimov və Seymur Məmmədovla yanaşı, məni də heyətlərinə dəvət etdilər. Komanda yeni yaranırdı, onlara dəstək olmağımızı istədilər. Hadisələr elə cərəyan etdi ki, heyəti biz qurmalı olduq. Komandaya lazım olan oyunçuları da biz çağırdıq. Lakin, təəssüflər olsun ki, sonradan arada anlaşılmazlıq yarandı və biz EKOL-u tərk etmək məcburiyyətində qaldıq. İndi bunun səbəblərini açıqlamaq istəmirəm”.

EKOL-da baş verən xoşagəlməz hadisədən sonra R.Həsənzadənin xidmətində bir neçə klub maraqlı olur. Təcrübəli “çərçivə qoruyucusu” “Neftçi” İK-nin təklifinə “hə” deyir:””Neftçi” İK-də gözəl illər keçirdim. İki dəfə beynəlxalq turnirdə qalib gəldik. Ukrayna və Özbəkistanda keçirilən həmin turnirlərdə “ən yaxşı qapıçı” adına layiq görüldüm. “Neftçi”dən ayrıldıqdan sonra bir müddət futzalsız qaldım. Daha sonra Turqay Fərzəliyevin rəhbərliyi altında “Fənər” klubu yarandı. Bir müddət sonra komanda Yüksək Liqaya vəsiqə qazandı. Ölkə çempionatında çıxışımız çox yaxşı alındı. Bizim güclü heyətmiz vardı. Serbiya yığmasının 4 üzvü, hazırda Azərbaycan yığmasında oynayan futbolçuların bəziləri “Fənər”də yer alırdı. Həmin mövsüm gərginliyinə görə digərlərindən çox fərqlənirdi. “Xəzər adaları”, “Araz, “Neftçi” İK və EKOL kimi klublarla mübarizə apararaq, sonda ikinci yeri tutduq. Ancaq mövsümboyu hakim haqsızlığına uğrayan “Fənər” fəaliyyətini dayandırmalı oldu. Ondan sonrakı karyeram “İtaldizain” klubu ilə bağlıdır”.

Uzun illərdir gözəl oyunu ilə futzalsevərlərin rəğbətini qazanan qolkiper karyerası ərzində yaşadığı çətinlikləri yada salıb, gənclərə tövsiyə verməyi də unutmadı:”Karyeram ərzində çox maraqlı hadisələr yaşanıb. İki dəfə Azərbaycan çempionatının ən yaxşı qapıçısı sayılmışam. Ukrayna, Qazaxıstan və Özbəkistanda keçirilən beynəlxalq turnirlərdə də bu ada layiq görülmüşəm. Bütün bu uğurları asanlıqla əldə etməmişəm. Elə dönəm olub ki, həm işləyirdim, həm də futzal oynayırdım. Bəzən çox yorulurdum, elə vaxt olurdu ki, məşqlərə vaxt qalmırdı. Futzaldan ayrı qaldığım günlər də oldu. Sadəcə, mən bu oyunun vurğunuyam, uzun müddət ayrı qala bilmirdim. Futzal xəstəlikdir, uşaqlıqdan oynayıram və hazırda da futzalsız qala bilmirəm. Bu idman növü mənim həyat tərzinə çevrilib. Düşünəndə ki, nə vaxtsa karyeramı bitirməli olacam, çox kədərlənirəm. Təsəvvür edirsiniz, məşq olmayanda da futzal oynayırıq. İstirahət günlərində belə yığışırıq, dura bilmirik(gülür). Təəssüflər olsun ki, əvvəlki illərə nisbətən hazırda cavan oyunçularımızın sayı çox azdır. İndikilər də bir şeyi anlamır ki, hər şey onların əlindədir. Yığmanın baş məşqçisi Jose Alesio Da Silva daim oyunlara baxır. Onlar özlərini sübut etmək üçün xeyli gözəl imkana malikdirlər. Öz üzərində işləmək, oyununu inkişaf etdirmək lazımdır. Məşqlərdən sonra qalıb çalışmaq olar. İndiki gənc futzalçılar isə məşqin bitməsini gözləyir. İnsan öz üzərində çalışsa, əziyyət çəksə, uğur qazana bilər. Çünki hazırda şərait var, seçim geniş deyil. Bizim komandamızda məndən başqa Ağatahir Əzimov, Rəcəb Fərəczadə kimi təcrübəli oyunçular var. Biz üçümüz məşqlərdə də, oyunda da çalışırıq ki, gəncləri düzgün yönləndirək. İstəyirik ki, onlar bizim təcrübəmizdən faydalansın”.

Qeyd edək ki, hazırda Ramin Həsənzadənin şərəfini qoruduğu “İtaldizain” komandasının baş məşqçisi, sabiq futzalçı Rafael Abdulovdur.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir


Son yazılar

Yuxarı