Layihə

LAYİHƏ: “Neftçi”nin ilk “qızıl dubl”u və Superkubok

08.03.2017 , 06:30

Sportfm.az və Korner.az saytlarının “Nefçi” – 80: ağ və qara tarix” layihəsi çərçivəsində səkkizinci yazısı 

Əvvəlki yazını oxumaq üçün buraya kliklə: BURA

Mövsümün ilk kuboku 

Vaqif Sadıqovun rəhbərliyi altında son çempionatı medalla bitirən “Neftçi” növbəti mövsümə səylə hazırlaşırdı. Klub rəhbərliyi qızıl medalları əldən verməsinə rəğmən, yeni mövsümdə Sadıqovla yoluna davam etdi. Klubun tarixinə ilk legioner kimi düşən gürcü futbolçu Otar Korqalidze komandanı tərk etdi. Çünki baş məşqçinin fəlsəfəsinə görə yaşı ötmüş legionerdənsə gənc yerli istedad daha səmərəli ola bilərdi. Bundan başqa, Mirbağır İsayevlə Əfqan Talıbov da komandadan getdilər. Əvəzində, bir illik İsrail və Mingəçevir karyerasından sonra Samir Ələkbərov “Neftçi”yə qayıtdı. Vladimir Tuayev də “ağ-qaralar”ın heyətinə qatıldı. Mövsümə ciddi hazırlaşan bakılılar hələ çempionat başlamamış ilk kuboklarını qazandılar. Onlar “Səhər” qəzetinin keçirdiyi Superkubokda 2-ci dəfə qalib oldular. 23 iyulda Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda son ölkə çempionu “Turan”la, kubokun qalibi “Neftçi” üz-üzə gəldi. Rövşən Əhmədovun idarə etdiyi oyunda “Neftçi” futbolçuları “Turan”ı məğlub etdilər – 1:1 (penaltilərlə – 8:7).

Görüşdə “Neftçi”nin yeganə qolunu 22-ci dəqiqədə Nazim Əliyev vurdu. Superkuboku “Neftçi”yə təqdim edən “Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadə: “Üçüncü Superkubok oyunu da 1995-ci ildə Sumqayıtda keçirilib. Çətin görüş oldu. Penaltilərlə “Neftçi” rəqibini məğlub etdi. Onda bakılıların heyəti çox güclü idi. Yığmanın bir çox üzvü “ağ-qaralar”ın heyətində çıxış edirdi. İkinci Superkubok oyunu 1994-cü ildə keçirilməli idi. Ancaq “Qarabağ” həm çempion olduğuna, həm də ölkə kubokunu qazandığına görə Superkubok oyun keçirilmədən ağdamlılara təqdim olundu”.

Həmin oyunda 90 dəqiqə meydan olan Vyaçeslav Lıçkin “Turan”ın çox güclü olduğunu deyir: “Tovuz komandasının heyətində Vidadi Rzayev, İsmayıl Məmmədov, Qurban Qurbanov kimi usta futbolçular var idi. Hələ mən Elşən Qəmbərovu demirəm. “Turan”ın qapıçısı(Nizami Sadıqov – red.) bir neçə real qol epizodunu çıxardı. Yadımdadır, qapımıza penalti təyin edildi. Biz etiraz etdik. Ağır oyun oldu. Onları yalnız penaltilər seriyası sonrası məğlub edə bildik. Mən həmin görüşdə öz çıxışımdan razı qalmadım”.

Superkuboku başı üzərinə qaldıran “Neftçi” 5-ci Azərbaycan çempionatının 1-ci mərhələsində, avqustun 2-də Şəmkirdə yerli komanda ilə çətin səfər matçına çıxdı. Mais əzimovun vurduğu qolla “Şəmkir”i yenən Vaqif Sadıqovun komandası bir həftə sonra Kiprdə ağır sınaq qarşısında qaldı.  

Klub səviyyəsində qazanılan ilk xal 

“Neftçi”nin yeni mövsümə hazırlığı ilk dəfə qatıldığı qitə kuboklarında uğurlu çıxışa hesablanmışdı. Ancaq Kuboklar Kubokunun ilkin təsnifat mərhələsində “Neftçi” Kipr APOEL-ni keçə bilmədi. 10 avqust tarixində Nikosiyada məğlubiyyətlə (0:3) barışmalı olan bakılılar Sumqayıtda keçirilən cavab qarşılaşmasında bunun əvəzini çıxa bilmədilər – 0:0. 15 min azarkeşin gözü qarşısında qazanılan bu nəticəni o dövr üçün pis hesab etmək olmazdı. Ona qədər artıq “Turan” və “Kəpəz” Azərbaycanı avrokuboklarda təmsil etmiş və bütün görüşləri məğlubiyyətlə başa vurmuşdular. “Neftçi”nin qazandığı bir xal isə nəinki komandanın, ümumiyyətlə, Azərbaycanın klub səviyyəsində qazandığı ilk xal oldu. Kipr təmsilçisi ilə hər iki görüşdə 90 dəqiqə meydanda olan Arif ƏsədovNikosiyada baş verən hadisələri belə xatırlayır: “İlk matç yaxşı yadımdadır, ermənipərəst yerli publika Azərbaycan və Türkiyə bayraqlarını təhqir etdilər. Bununla bağlı, klub rəhbərliyi UEFA nümayəndəsinə etirazını bildirdi. Məsələ həllini tapdı. Onda mövsümün əvvəli idi. Heyətimiz pis deyildi, buna baxmayaraq, avrokuboklarda təcrübəmizin olmaması öz sözünü dedi. Ancaq cavab matçında toparlandıq. Azarkeşlər stadionu doldurmuşdu. Oyuna maraq böyük idi. Düzdür, 0:3 hesablı məğlubiyyətdən sonra növbəti mərhələyə adlamağımız real görünmürdü. Qələbə qazanmağı çox istəyirdik. Qol vurmaq üçün imkanlarımız oldu. Təəssüflər olsun ki, həmin epizodlardan yararlana bilmədik”.

Arif Əsədovun Sumqayıtda keçirilən görüşlə bağlı acı bir xatirəsi də var: “Hətta şəklim də var, cavab matçında rəqib futbolçu ilə mübarizədə toqquşduq.

Burnumdan qan açıldı, formam qanın içində idi. Sadəcə olaraq, o vaxt indiki kimi deyildi, bizim ehtiyat formamız olmadığından görüşü sona qədər həmin formada davam etdirməli oldum”. 

İlk sınağında Kipr səddini aşa bilməyən komanda Avropa ilə vidalaşmalı oldu. Artıq bütün diqqətlər Azərbaycan çempionatına və ölkə kubokuna yönəlmişdi. 

Üç baş məşqçi ilə qazanılan “qızıl dubl” 

AFFA V çempionatın keçirilməsi üçün reqlamentdə dəyişiklik etdi ki, nəticədə çempionat yenidən iki mərhələli sistemlə təşkil olundu. Əvvəlcə komandalar iki dövrəlik ilkin mərhələni başa vurmalı idilər. İkinci mərhələdə isə onlar 1-6 və 7-12-ci yerlər uğrunda mübarizə aparacaqdılar. Özü də komandalar ikinci mərhələyə sıfırdan deyil, qızıl xallarla başlamalı idilər. Bu, komandaların hər bir oyuna əzmlə çıxmasına görə edilmişdi. “Neftçi” çempionata çox inamla başladı. Bakılılar ilk 11 oyunda məğlubiyyət acısı dadmayıb, yalnız Tovuzdakı 12-cigörüşdə məğlubiyyətə düçar oldular. Qış fasiləsində isə komandada ciddi kadr dəyişiklikləri oldu. Vaqif Sadıqov vəzifəsindən istefa verdi. “Neftçi”yə yeni baş məşqçi rəsmi olaraq Asif Əliyev təyin edildi. A.Əliyev məhz rəsmi olaraq baş məşqçi hesab edilirdi. Əslində isə bu belə deyildi. O vaxt millinin də baş məşqçisi olan Kazbek Tuayev komandaya rəhbərlik edirdi. A.Əliyev isə Böyükağa Ağayev kimi onun köməkçilərindən biri idi. Baş məşqçidən başqa, bəzi oyunçular da komandanı tərk etdilər. Füzuli və Xaqani Məmmədov qardaşları Rostova üz tutdular. Komandanın hücum xəttinin liderlərindən olan Nazim Əliyev isə Bakı təmsilçisini “Qarabağ”a dəyişdi.

Bəxtiyar Musayev hərbi xidmətə çağırıldığından OİK-in şərəfini qorumalı oldu. Bu oyunçulardan başqa, Əli Abuşov, Qulammirzə Əsədullayev, Kamil Bayramov da komandanı tərk etdilər. Əvəzində, bir neçə güclü oyunçu heyətə cəlb edildi. “Turan”dan İlham Məmmədovla Vidadi Rzayev Bakıya köçdülər. Rasim Abuşov “Qarabağ”dan «Neftçi»yə gəldi. Belə ciddi kadr dəyişikliklərinə məruz qalan komanda yenə də öz iddiasından əl çəkmirdi. Yeni gələn məşqçilər dəstəsi V.Sadıqovun işini davam etdirə bildilər. “Neftçi” çempionatın ilkin mərhələsini 5-ci pillədə başa vurdu. Qızıl xalların sayına görə komanda “Kəpəz”dən 2, “Xəzri”dən isə 1 xal geri qalırdı.

AFFA-nın qərarına əsasən, ikinci mərhələnin oyunları medala iddialı komandalar arasında Bakı və Sumqayıt şəhərlərində keçirildi. Bu isə komandaların eyni şəraitdə yarışmaları üçün idi. Final mərhələsinə çıxmış komandalardan yalnız “Kür-Nur” üçün demək olar ki, çempionat bitmiş hesab edilə bilərdi. Qalan beş komandanın hər birinin qızıl medallara sahib çıxmaq şansları var idi. Bu da çempionatın necə gərgin keçəcəyinin göstəricisi idi. Final oyunlarının başlamasından sonra məlum oldu ki, “Qarabağ” belə gərgin mübarizəyə hazır deyil və ağdamlılar bu mübarizədən kənarda qaldılar. Qalan dörd komanda isə medalları öz aralarında bölməli idilər. “Neftçi” ikinci mərhələyə inamla başladı. Bununla belə, komanda ilk zərbəni “Kəpəz”dən aldı. Çox maraqlıdır ki, “Neftçi” ikinci mərhələdə məğlub olduğu hər iki oyunu “Kəpəz”ə qarşı keçirmişdi. Lakin “ağ-qaralar” digər rəqibləriylə yaxşı oynayaraq bir daha məğlubiyyət acısı dadmadılar. Bunun nəticəsidir ki, sonda “Neftçi”nin oyunçuları qızıl medalları boyunlarından asa bildilər. Bununla da flaqman ikinci çempionluğuna qovuşdu. “Neftçi” kubokda da əla oynadı.

İlk iki mərhələdə bakılılar çətinliklə üzləşmədən “Göyəzən”lə, “Şirvan-Orxan”ı mübarizədən kənarlaşdırdılar. “Neftçi” ilk məğlubiyyəti 1/4 finalda “Kəpəz”dən aldı – 0:1. Cavab görüşündə isə əlavə vaxtda Abuşovun qolu (2:0) komandanı yarımfinala çıxardı. Bu mərhələdə “Bakı fəhləsi” ilə keçirilən görüşlər gərginliyi ilə yanaşı, qalmaqalla da yadda qaldı. Nominal ev sahibi olan “Neftçi” “doğma divarlar” arasındakı ilk görüşdə heç-heçə etdi – 1:1. Hər iki tərəf təkrar görüşə daha səylə hazırlaşırdı. Bununla belə, “Neftçi” fasiləyə qədər iki dəfə topu rəqib qapısından keçirə bildi. Məhz ikinci top böyük mübahisəyə səbəb oldu. “Bakı fəhləsi” oyunun ikinci hissəsini davam etdirməkdən imtina etdi və “Neftçi” finala çıxdı. Burada komanda Ağdam “Qarabağ”ını məğlub etməklə (3:0) ikinci dəfə ardıcıl kuboka yiyələndi və tarixində ilk dəfə olaraq “qızıl dubl”a imza atdı. Çempionatı yüksək səviyyədə keçirən Vidadi Rzayev isə mövsümün ən yaxşı oyunçusu seçildi.

Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı